Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bancul Sammitində iştirakı çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren ilə görüşüb.

"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və IOFS arasında əməkdaşlıq imkanları, ölkəmizin beynəlxalq yardım proqramları müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin İƏT çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumlar ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın donor dövlət kimi beynəlxalq yardım fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, qida təhlükəsizliyi kimi vacib bir çağırış üzrə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi fonunda, qida təhlükəsizliyi sahəsinin iqlim dəyişikliyi ilə bağlılığını nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Baş direktor Berek Eren öz növbəsində Azərbaycana İƏT çərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə təşəkkür edərək, IOFS-nin missiya və proqramlarından bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.