Gürcüstanın canını ağrıdan Qərb...

“Müstəqil siyasət kursunun alternativi yoxdur”

Azər Həsrət: “Gürcüstan Qərbin “demokratiya” çağırışlarına uyduğu üçün öz torpaqlarını itirdi, ölkənin suverenliyi ciddi təhlükə altına düşdü”

   “Xarici agentlər haqqında” qanun layihəsi yenidən Gürcüstanda daxili gərginliyi artırıb. Okeanın o tayı və "qoca qitə"dən agent idxalına qarşı gürcü siyasi elitasının "stop qoymaq" qərarına birincilər bu dəfə də emissarları vasitəsilə "azadlıq tələbi" ilə qarşılıq verirlər.
"Məxməri inqilab"dan sonra qonşu Gürcüstanı yenə vətəndaş itaətsizliyinə sürükləyən "azadlıq aşiqləri" əsl niyyətini çox gözlətmədilər.
  Amerikanın Gürcüstandakı səfiri Robin Dunniqanın "Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan da imtina edib” mesajı Birləşmiş Ştatların "agent şəbəkəsi" ilə əlaqədar dərin təşviş və narahatlığının təzahürüdür.
  Gürcüstanın qarşısında isə konkret tələb qoyulur - “Xarici agentlər haqqında” qanunun qəbulundan imtina edirsiniz, "yaxanızı buraxırıq".
  Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib ki, qərb institutları Gürcüstandakı hadisənin mahiyyətini kontekstdən çıxarırlar, onu öz maraqları çərçivəsindən şərh edərək ictimai rəyi çaşdırırlar:

“Əslində, Gürcüstan parlamentində müzakirəyə çıxarılan qanun layihəsinin adı və motivi fərqlidir.
  Onun gerçək adı "Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi”dir. Qərb mediası isə fərqli təqdimat seçib, layihəni beynəlxalq ictimai rəydə qıcıq doğuran 2 fərqli adla tanıdıb. Bəzən “xarici agent qanunu”, bəzən də “Rus qanunu” kimi adlandırıb. Məqsədləri bəllidir. Yanlış təqdimatlar verməklə beynəlxalq ictimai rəyi çaşdırmaq, Gürcüstan hakimiyyətinə qarşı təzyiqləri artırmaq, fakt qarşısında qoyub layihənin qəbul etdirilməsindən yayındırmaq istəyirlər. Necə ki, bunu keçən ilin mart ayında etmişdilər. Qanun layihəsi 2023-cü ildə ilk dəfə gündəmə gətiriləndə Qərb institutları beynəlxalq kampaniya keçirmiş, hakim partiyaya təzyiq göstərmiş, məsələni gündəmdən çıxarmışdılar. İndi də eynisini edirlər. Elə rəy yaradırlar ki, guya, bu qanun qəbul edilərsə, Gürcüstan Rusiyanın təsir dairəsinə düşəcək, Avropaya inteqrasiyadan üz döndərəcək, demokratik inkişaf yolundan yayınacaq. Beləliklə, emosiyaları coşdurur, etiraz aksiyalarını qızışdırırlar”.
  A.Həsrətin sözlərinə görə, müzakirə edilən qanun layihəsi Gürcüstan cəmiyyətinin şəffaflaşdırılması, hesabatlılığın artırılması və kimin kim olduğunu müəyyənləşdirmək üçün mühüm qərardır: “Yəni gürcü hökuməti öz funksiyalarına uyğun olaraq, ərazisində şəffaflıq yaratmaq, təhlükəsizlik naminə xarici təsirləri müəyyənləşdirmək istəyir. Gürcüstanın son illərdə bu mövzuya diqqət ayırmasının ciddi səbəbləri vardır. Bu istək birdən-birə yaranmayıb. Sadəcə bu, ABŞ və regionda marağı olan digər beynəlxalq güc mərkəzləri üçün əlverişli deyil. Şəffaflaşma onların Gürcüstandakı qeyri-leqal əlaqələrini kəsir, QHT və KİV-dən sui-istifadə hallarının qarşısını alır. Bu baxımdan güclərini ortaya qoyur, qanun layihəsinin qəbul edilməsini əngəlləmək istəyirlər. Halbuki “Xarici agentlər haqqında” qanun adı ilə təqdim olunan qanunun qəbulu insan hüquqlarına zidd addım deyil. Bu qanun xaricdən maliyyələşən şəxslərin və qurumların bu barədə hökuməti məlumatlandırmasını və özlərini bəyan etməsini nəzərdə tutur.
Əhalinin kütləvi şəkildə bu qanuna etiraz etməsi, qərbin etirazçıları dəstəkləməsi isə xoşagələn hal deyil. Şübhəsiz ki, proseslərin qızışmasının əsas səbəbi qeyd olunan aksiyaların ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsindədir. Qərb mediası aksiyaya informasiya dəstəyi verir. Onu “demokratların avtokratlar üzərinə yürüşü” kimi təqdim edir. Təsvirləri belədir ki, Gürcüstanda avtokrat idarəçiliyə meyl edənlər “xarici agent qanunu”nu dəstəkləyirlər; demokratiya tərəfdarları isə qanunun qəbuluna etiraz edirlər. Etirazçılar Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc alırlar”.
  Ekspert onu da deyib ki, ötən əsrin 30-cu illərində ABŞ-nin özündə belə bir qanun qəbul edilib və “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. Həm də onun əhatə dairəsi indi daha da genişləndirilib: “Maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dən kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Xarici təsisatlarla maliyyə əlaqəsi olan şəxs və qurumlar ABŞ Ədliyyə Departamentində qeydiyyatdan keçməli, fəaliyyətlərini bu əsasda qurmalıdırlar. Nə iş gördükləri, hansı hədəflər uğrunda çalışdıqları bilinməlidir. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi ABŞ-nin nəzarətində olmalıdır. Bu çərçivəni aşanlar qeyd edilən qanun əsasında sərt şəkildə cəzalandırılırlar. ABŞ-nin özündə mövcud olan bir qanunun Gürcüstanda qəbul edilməsi ABŞ-ni niyə belə qıcıqlandırıb, narahat edir!? Gürcüstan müstəqil dövlətdir və öz siyasətini müəyyənləşdirmək hüququ var. Xarici dövlətlərin bir dövlətin daxili işinə qarışmaq öhdəliyimi var? Paradoks budur ki, “Xarici agentlər haqqında” qanun ABŞ-nin özündə mövcud olsa da, buna bənzər qanunlar digər ölkələrdə qəbul edilərkən və ya qəbul edilməsinə təşəbbüs göstərilərkən, hər dəfə ABŞ tərəfindən etirazla qarşılanır. Yerli və beynəlxalq səviyyəli kampaniyalar keçirilir. Bənzər qanunu qəbul etmək istəyən dövlətlərə ciddi təzyiq göstərilir və onların öz fikrindən döndərilməsi təmin edilir. Gürcüstanda baş verənlər də bu qəbildəndir. Əgər bu qanun mahiyyəti üzrə azadlıqların ziddinədirsə, ABŞ özü nümunə göstərərək “xarici agent qanunu”ndan imtina edə bilməzmi? Hər hansı bir ölkədə “Xarici agent qanunu” və ya "Xarici təsirin şəffaflığı haqqında qanun” qəbul edilirsə, bu o deməkdir ki, ABŞ həmin ölkədəki qanunsuz qrant dövriyyəsi, siyasi proseslərə qanunsuz müdaxilə alətlərini itirmiş olur. Hansı ki, belə proqramların işlək halda saxlanılması üçün ABŞ-də tam bir dövlət mexanizmi yaradılıb. ABŞ ciddi cəhdlə təkid edir ki, heç bir ölkədə “Xarici agentlər haqqında” qanun qəbul edilməsin. Nəticə etibarilə onun qurduğu imperiya dağılmasın”.
  Siyasi şərhçinin fikrincə, qonşu Gürcüstanda baş verən proseslər sadəcə həmin ölkənin daxili məsələsi deyil. Bu, bütövlükdə bölgəni narahat edən məsələdir: “Gürcüstanda yaşanan olaylar bir daha sübut edir ki, aparıcı qərb dövlətləri və dairələri Cənubi Qafqaz dövlətlərini öz nəzarətində saxlamaq istəyir. Bunun isə sonunun nə ilə nəticələnəcəyini bir elə məhz Gürcüstanın, Ukraynanın timsalında görmüşük. Ona görə də Azərbaycan ictimai rəyində Gürcüstanda baş verənlərə dəstək çağırışı edənləri başa düşə bilmirəm. Gürcüstan qərbin “demokratiya” çağırışlarına uyduğu üçün öz torpaqlarını itirdi, ölkənin suverenliyi ciddi təhlükə altına düşdü. Ukraynanın başına gələnlər də göz önündədir. Belə bir mərhələdə Azərbaycan ictimaiyyəti son dərəcə diqqətli olmalı və qərbin oyunlarından kənar qalmağı bacarmalıdır. Dəfələrlə sübut olunub ki, milli maraqlara söykənən müstəqil siyasət kursunun alternativi yoxdur”.