Azərbaycan və Slovakiya əlaqələrinin tarixi SSRİ zamanına kimi dayanır -ŞƏRH

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni,  Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıb.

Tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, rəsmi Bakı və Bratislavanın əməkdaşlığı Qərb və Azərbaycan münasibətlərinin inkişafı kimi dəyərləndirilməsi doğru deyil:
"Nəzərə almaq lazımdır ki, Azərbaycan və Slovakiyanın yaxın keçmişi bir-birinə bənzərdir. Hər iki dövlət də keçmişdə SSRİ-nin tərkibində olub və hər iki dövlət müstəqilliyini 90-cı illərin əvvəllərində əldə edib. Azərbaycan Slovakiya münasibətlərinin inkişafı həm də Slovakiyanın əhalisinin bir qisminin də macar əsilli olması ilə əlaqədardır. Macarlar və azərbaycanlılar arasında türkçülüyə dayalı dostluq və qardaşlıq münasibətləri mövcuddur. Slovakiya həm Aİ həmdə NATO üzvüdür. Azərbaycan hazırda Avropanın enerji təchizatında, dolayısıyla Slovakiyanın enerji təchizatında önəmli rol oynayır. Azərbaycan Slovakiya ilə əməkdaşlığı həm Slovakiyanın enerji təhlükəsizliyi, həm də Aİ-nin Azərbaycanla bağlı qərarları üçün əhəmiyyətlidir". 

Analitik əlavə edib ki, bütün bunlara baxmayaraq rəsmi Bakı və Bratislavanın əməkdaşlığının birbaşa Qərb və Azərbaycan münasibətlərinin inkişafı kimi dəyərləndirilməsi doğru deyil:
"Çünki Azərbaycan və Slovakiya əlaqələrinin tarixi SSRİ zamanına kimi dayanır və iki ölkə arasındakı əməkdaşlıqlarının Avropa-Azərbaycan münasibətlərinə birbaşa təsiri olmayacaq".