BQXK nümayəndəsi: Azad olunan ərazilərdə həyata keçirilən işlərdən təsirləndim

"Vaxtilə işğal altında olan Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi problemi məcburi köçkünlərin evlərinə qayıtmasına mane olur".
Bunu jurnalistlərə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla çirklənmə bölməsinin rəhbəri Erik Tollefsen deyib.

"Mən ötən gün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etmişdim. Qeyd etmək istəyirəm ki, istər Azərbaycan hökumətinin, istərsə də BMT-nin İnkişaf Proqramının işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi işlərdən təsirləndim. Biz bu gün Bakıda, Azərbaycanda minalarla bağlı problemin həlli yollarını müzakirə etmək üçün toplaşmışıq. Vaxtilə işğal altında olan ərazilərin mina və digər təhlükəli xarakterli partlayıcılarla çirkləndirilməsi problemi həm inkişafa, həm də məcburi köçkünlərin vaxtında öz evlərinə qayıtmasına mane olur. Bu barədə bugünkü tədbirdə də kifayət qədər fikirlər səsləndirilib" - deyə, E. Tollefsen vurğulayıb.