Politoloq: Əliyev, Sisi görüşü İslamın inkişafına mühüm töhfə verəcək

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib.

Söhbət zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu.

Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulandı.


Qeyd edək ki, Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi də olub.

Politoloq Məhəmməd Əsadullazadə "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Misir və Azərbaycan arasında dini, mənəvi, mədəni əlaqələri mövcuddur:
"Rəsmi Qahirə İslam həmrəyliyi çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib. Hesab edirəm ki, yeni siyasi nizam mərhələsində Misir-Azərbaycan əlaqələri daha da inkişaf etməlidir. Misir 100 milyondan artıq əhalisi olan böyük bazar və strateji coğrafiyada yerləşən böyük dövlətdir. Həmçinin Misir İslam dünyasında əhəmiyyətli mövqeyə malikdir". 

Politoloq əlavə edib ki, Azərbaycan Prezidentinin Misirə səfəri Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir:
"Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə və mötədil İslamın inkişafına mühüm töhfə verəcək".