Elçin Mirzəbəyli: ABŞ-nin Cənubi Qafqazdakı sülhə münasibəti bizə məlumdur

ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında Cənubi Qafqazda sülhü dəstəklədiklərini bəyan ediblər.
Qeyd edilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.

Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar.

Əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun Parisdə danışıqların nəticəsi olaraq 66 bənddən ibarət bəyanat yayımlanıb:
"Bəyanatın yalnız 9-cu bəndində Cənubi Qafqazda baş verən proseslərə toxunulub. Həmin bənddə əsasən Gürcüstanla bağlı məqamlar yer alıb. Bəyanata görə ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və möhkəm sülhün təmin olunmasından yanadır. Onlar həmçinin gələcək regional inteqrasiyanın əhalinin maraqlarına uyğun olduğunu bəyan ediblər.  Sual yaranır ki, burada Cənubi Qafqazdakı inteqrasiyadan söhbət gedir? Bəyanatı ABŞ və Fransanın qəbul etdiyini nəzərə alsaq burada söhbətin əsasən Qərbə inteqrasiyadan getdiyini demək olar". 

Ekspert əlavə edib ki, ABŞ-nin Cənubi Qafqazdakı sülhə münasibəti bizə məlumdur:
"Bundan öncə Baydenin İlham Əliyevə qısa müddət ərzində 2 müraciətində sülh istiqamətindəki səylər və Azərbaycanla Ermənistan arasındakı razılaşmalarda dəstəklənir. Bu aspektdən düşünürəm ki, Fransanın ABŞ ilə ortaq bəyanatda ABŞ-nin mövqeyinə zidd fikir səsləndirməsi mümkün deyil. Fransanın məsələyə ümumi mövqeyi isə bizə bəllidir. Əgər məsələ Fransanın bilavasitə öz baxış bucağına qalsaydı şübhəsiz ki, bu bəyanatda Cənubi Qafqazda sülhə mane olan bir sıra məqamlar yer almış olardı".