Baqratın hakimiyyətə gəlmək şansı var?

Ermənistan seçicisi bunu istəmir, Paşinyana daha çox güvənir

  “Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifətin hakimiyyətə gəlmə potensialı birmənalı olaraq Azərbaycanla sülh prosesinin dayandırılması demək olacaq”. Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib. Politoloq deyib ki, onlar hakimiyyətə gəlsələr, sərhədin delimitasiyası və demarkasiyası prosesi də dayandırılacaq: “Qalstanyanın dəfələrlə Azərbaycanın ali rəhbərliyinə qarşı kobud bəyanatlar səsləndirdiyini görmüşük. Qalstanyanın bacarıqsız olduğu göz qabağındadır. O, Erməni Apostol Kilsəsinin, eləcə də qlobal erməni elita və diasporunun əlaltısıdır. Baqrat Ermənistanın Azərbaycandan qisas almasının simvoludur”.
Korotçenkonun sözlərinə görə, Ermənistan praktikada hərbi yolla revanşa nail ola bilmir: “Azərbaycanın heç bir münaqişəyə ehtiyacı yoxdur – o öz suverenliyini bərpa edib. Ermənistanın isə Azərbaycana qarşı tarixi ərazi iddiaları var. Və Türkiyəyə də. Dünən müxalifət mitinqində hökumət binasının üzərinə Ağrıdağ sözləri proyeksiya edib. Müxalifət aqressiya mənbəyidir. Bu cür aqressiya genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Belə olan halda Ermənistan Zəngəzuru itirə bilər. Heç kim Ermənistan üçün döyüşməyəcək. Rusiya bunu etməyəcək. Ermənistan KTMT-də iştirakını dondurub, struktura rüsum ödəmir, Qərbə yaxınlaşır. Makron vədlərinə baxmayaraq, AB və ABŞ kimi İrəvan üçün ciddi heç nə etməyəcək. Qisas almaq istəyən müxalifət İrəvanı hərbi münaqişəyə cəlb edən kimi AB-nin müşahidə missiyası dağılacaq və onlar qısa bir zamanda Ermənistandan evakuasiya olunacaqlar. Ermənistan ərazisinin bir hissəsini itirəcək. Revanşist müxalifətin hakimiyyətə gəlməsi İrəvan ərazisinin bir hissəsini itirmək, yeni hərbi-siyasi məğlubiyyət və kapitulyasiya ilə üzləşdirəcək”.
  Araşdırmaçı - jurnalist Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, keşiş Baqrat və yaxud da əsas müxalif qüvvələr olan Sarkisyan və Koçaryanın hakimiyyətə gəlmək şansları çox azdır: “Ermənistan seçicisi bunu istəmir.
Yeni bir müxalif qüvvə ortaya çıxması və hakimiyyətə gələ bilməsi isə hələlik real deyil. Çünki belə bir qüvvə yoxdur. Baqratın və mövcud digər müxalif qrupların hakimiyyətə gəlmək şanslarının az olması bu mövzunun aktuallığını azaltmış olur.
  Əgər hipotetik olaraq bunu mümkün hesab etsək, o zaman proses Möbius lenti effekti ilə davam edə bilər. Yəni Paşinyandan narazı kütlə hakimiyyətə gətirdiyi qüvvənin də onu köhnə əyyama qaytardığını görüb yenidən hakimiyyətin dəyişməsini tələb edəcək. Bu, sözsüz ki, sülh prosesinə mane olacaq. Amma bu halda da ən çox zərər görən məhz Ermənistan olacaq. Çünki bu gün sülh daha çox Ermənistana və Ermənistan vətəndaşına lazımdır.
O ki qaldı keşiş Baqratın hərəkatına, burada proseslər fərqli istiqamətdə gedir.
  Məsələ ondadır ki, Tavuşdan başlayan və sərhədlərin müəyyənləşdirilməsinə etiraz çağırışı ilə başlayan hərəkatda bu gün əsas hərəkətverici qüvvə Qarabağ erməniləri və onların “hüquqlarını” qoruduqlarını iddia edənlərdir. Əslində, hərəkatın bu yönə istiqamətlənməsi Paşinyanın işinə yarayır. Rəsmi İrəvan etrirazların bu istiqamət almasından beynəlxalq auditoriyaya hesablanan siyasi kombinasiya kimi istifadə edə bilər. Paşinyanın Baqratla danışıqları da real deyil. Çünki Baqrat heç bir alternativ təklif etmir”.