Bölgənin taleyi Ukraynadakı savaşdan çox asılıdır -ŞƏRH

Əgər Rusiya qalib gəlsə, artıq onun qarşısında heç bir qüvvə dayana bilməyəcək

  İyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh konfransı keçiriləcək. 160-dan çox nümayəndə heyətini, o cümlədən G7, G20 və BRICS ölkələrinin iştirakı nəzərdə tutulan konfransa Rusiya dəvət olunmayıb. Bildirilib ki, sammitin məqsədi hər iki tərəfin gələcək sülh prosesinə necə daxil ediləcəyi ilə bağlı yol xəritəsini birgə müəyyən etməkdir. İndiyədək sammit üçün 90 dövlət və təşkilatın qeydiyyatdan keçdiyi bildirilib və dövlətlərin yarısının Avropadan, qalanlarının isə digər qitələrdən olduğu bildirilib. Bürgenstok konfransı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ilk addım kimi dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın dövrdə belə konfranslar bir dəfə də olsun keçirilməyib. Heç buna cəhdlər də olmayıb. Bu da Qərbin ikili siyasətindən, sadəcə, öz maraqlarına uyğun addımlar atmasından xəbər verir. Ekspertlərin fikrincə, keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk konfransı təşkil olunmalıydı, amma Qərb bu addımı atmadı və həmin dövrdəki status-kvonu qorumağa çalışdı. Azərbaycan isə münaqişənin həllində öz modelini yaratdı - hərbi-siyasi vasitələr.
  Mövzu ilə bağlı “Sherg.az"a danışan siyasi şərhçi Azər Rəşidoğlu isə hesab edir ki, bu gün Ukraynada baş verənlərdən MDB məkanının və bölgənin taleyi asılıdır

“Əgər bu savaşda Rusiya qalib gəlsə, artıq onun qarşısında heç bir qüvvə dayana bilməyəcək. Odur ki, dünya bu məsələyə həssaslıqla yanaşır. Ukrayna probleminin Qarabağ problemindən fərqi də bu idi. Lakin Qərb Ukraynaya da yetərincə dəstək vermir. Qoşunlarını Ukraynaya çıxara bilmir. Rusiya kimi nüvə dövlətinə qarşı ehtiyatlı davranır. Rusiyaya qarşı ciddi addım atmaq təhlükəlidir. Ukrayna hadisələrində Qərb istəyinə nail ola bildi – Rusiya izqoya çevrildi, sanksiyalarla üzləşdi. Qərb Ukraynaya silah verir, Rusiyanı iqtisadi baxımdan sıxır və belə tədbirlər keçirməklə Kremlin əl-qol açmasının qarşısını alır. Söhbət Ukraynadan getmir, Putinin SSRİ-ni bərpa etmək niyyətindən gedir. Qərb buna seyrçi qala bilməz. Ukraynada MDB məkanının taleyi həll edilir. Qarabağ isə bizim dərdimiz idi və biz bu problemi həll edə bildik. Ən azı bu mərhələdə həll edə bildik”.