Prezidentin köməkçisi: Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir

Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan məqsədli şəkildə, yalnız hərbi təyinatlı deyil, Azərbaycanın bərpa-quruculuq işlərinə xələl gətirmək, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edib:

“Təkcə keçmiş təmas xətti boyunca deyil, hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yollarda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsi və mina terror siyasətinin həyata keçirilməsidir”.

Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmalarını xatırladaraq bildirib ki, bu, özü Ermənistanın mina terroru siyasətini həyata keçirməsinə nümunədir:

"O yol keçmiş təmas xəttindən qat-qat uzaqda yerləşirdi və həmin ərazi hərbi təyinatlı deyildi. Amma yolun tank əleyhinə minalarla minalaşdırılması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədyönlü şəkildə mina terroru həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layaqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikası bununla yanaşı beynəlxalq miqyasda mina probleminin qaldırılması və bunun müzakirəsi istiqamətində iş aparır”.