Analitik: Rəsmi Paris imperial addımlarından əl çəkməlidir

Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: "Bu, Cənubi Qafqaz regionunda sülhə heç bir halda töhfə vermir. Ermənistanla Azərbaycan arasında normallaşma ilə əlaqədar proseslərin aparılmasına və xüsusilə də 19 apreldə sərhədlərin delimitasiyası ilə əlaqədar əldə olunmuş nəticələrə, bundan əvvəl 7 dekabrda iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə edilməsinə və Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahları təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir.

Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. İşğalçı, təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz".

Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlamasında bildirib ki, son vaxtlar Fransa dünya siyasətində məğlub olmağa davam edir:

"Fransanın Cənubi Qafqazdakı siyasəti imperial məqsədləri səbəbindən iflasa uğrayır. Son vaxtlar Fransa ümumiyyətlə bir çox dövlətə məğlub olur. Fransa Ermənistanı silahlandırmaqla Azərbaycanın Rusiya və Çinlə normal münasibətlərinə mane olmağa çalışır. Onlar bu məqsədlərinə ermənilər vasitəsilə nail olmaq istəyirlər. Rəsmi Paris rusların 100 il əvvəl ermənilərdən Azərbaycan və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməsini təkrarlamaq istəyir. Lakin regionda reallıqlar başqadır. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi, Türkiyənin artan hərbi qüdrəti, digər Türk dövlətləri ilə yaxın münasibətlər Fransanın fitnəkar əməllərini həyata keçirməsinə mane olur. Hazırda rəsmi Paris Ermənistanı silahlandırır. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Çünki Ermənistandakı revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edən addımlar bölgədə sülh və sabitliyə ciddi zərbə vurur".

Ekspert əlavə edib ki, Rəsmi Paris imperial addımlarından əl çəkməlidir:
"Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən əvvəl regionda problemin sülh yolu ilə həll edilməsinə çalışırdı. Lakin problemin sülh yolu ilə həll olunmayacağını anlayan Azərbaycan verdiyi savaşla buna nail oldu. Əgər Fransa hökuməti Ermənistanı silahlandırmağa davam etsə, bölgədə sülh və sabitliyə mane olmaq təşəbbüslərini artırsa rəsmi Bakı Parisə qarşı sərt qərarlar verməkdən çəkinməyəcək".