Blinkenin köməkçisi Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib

“Hər bir ölkənin özünümüdafiə hüququ var. Biz görürük ki, Azərbaycan da bu istiqamətdə işləyir”.
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Amerikalı diplomat Fransanın Ermənistanı silahlandırması ilə bağlı Rəsmi Bakının narahatlığına da münasibət bildirib: “Biz Ermənistanın Fransadan silahları alması ilə bağlı xəbərləri eşitdik. Bu həm də onun göstəricisidir ki, tərəflər arasında bir-birinə etimad azdır və bu da anlaşılandır, çünki ortada 30 illik bir münaqişə var”.

Dövlət katibinin köməkçisi deyib ki, tərəflər sülh istiqamətində və etimad quruculuğu istiqamətində işləyir. O, Ermənistanın Azərbaycanın COP-29-a ev sahibliyini dəstəkləməsini, erməni saxlanılanların buraxılmasını, demarkasiya prosesini xatırladıb və bu addımları müsbət qiymətləndirib.