MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib                                                         

Növbədənkənar parlament seçkiləriylə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçirilib.  “Sherg.az” xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov və ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
MSK sədri Məzahir Pənahov bildirib ki, Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir: “Məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq”.
Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd edib ki, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib”.