Qərb Ukraynada müharibəni davam etdirəcək - ŞƏRH

Başda ABŞ olmaqla bir çox ölkə müharibənin hazırkı nəticələri ilə razı deyil

NATO sammitinin ilk günündə ABŞ Prezidenti Co Bayden, Niderland Baş naziri Dik Şof, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Meloni, Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri verilməsi ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu ölkələr Ukraynaya əlavə 5 strateji hava hücumundan müdafiə sistemi verərək, Ukrayna şəhərlərinin, mülki şəxslərin və hərbçilərin qorunmasına kömək edəcək.

Bundan əlavə, yaxın aylarda ABŞ və tərəfdaşlar Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və Gepard sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi təqdim etmək niyyətindədirlər. Həmçinin Kanada, Norveç, İspaniya və Böyük Britaniya da daxil olmaqla, bir neçə müttəfiq eyni sistemləri tədarük etməyə davam edəcək.

Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Ukrayna müharibə başlayandan bəri Qərbdən hava hücumundan müdafiə sistemlərinə möhtac idi:

"Zelenski bunu dəfələrlə dilə gətirib. Gec də olsa, Qərbin Ukraynaya hava hücumdan müdafiə sistemlərinin verilməsi  orduya həm texniki, həm də mənəvi dəstəkdir. Hesab edirəm ki, bu Ukrayna əhalisi üçün vacibdir. Çünki müharibənin gedişatı əhalidə bir bədbinlik yaradıb. Lakin rəsmi Kiyevə hava dəstəyi verilməsi müharibənin gedişatında əsaslı dönüş yaratmayacaq. Çünki Rusiya cəbhələrdə möhkəmlənib və ən pis halda aldıqları əraziləri müdafiə edərək əldə saxlaya bilər. Biz bilirik ki, müdafiə olunmaq hücum etməkdən daha rahatdır. Müharibə başlayandan bəri Ukrayna ağır itkilər verir. Başda ABŞ olmaqla bir çox ölkə müharibənin hazırkı nəticələri ilə razı deyil. Düşünürəm ki, Qərb bundan razı olmayana kimi müharibə davam edəcək".