Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib

İyulun 12-də Belarus Respublikasında "Slavyan Bazarı Vitebskdə" XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib.
Mədəniyyət Nazirliyindən "Sherg.az" a verilən xəbərə görə, nazir Adil Kərimli tədbirdə iştirak edib.
Görüşdə çıxış edən nazir Adil Kərimli Belarus Respublikasını bu yaxınlarda ŞƏT-ə tamhüquqlu üzv olması münasibətilə təbrik edib. 2016-cı ildə Azərbaycan və ŞƏT arasında memorandum imzalandığını xatırladan Adil Kərimli qeyd edib ki, bu mühüm təşkilat kontekstində mədəniyyətin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, bu il iyulun 4-də Astanada keçirilən ŞƏT-in sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi ölkəmizin bu təşkilat çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətini bir daha nümayiş etdirib.
“Biz ŞƏT-də dialoq üzrə tərəfdaş statusumuzu yüksək qiymətləndirir və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Məqsədimiz təkcə əlaqələri gücləndirmək deyil, həm də davamlı inkişafı dəstəkləmək üçün mövcud potensialdan istifadə etməkdir”, – deyə nazir bildirib.
Adil Kərimli onu da diqqətə çatdırıb ki, bu il ərzində Azərbaycanda Belarus, Qırğız Respublikası, Tacikistan və Rusiya Federasiyasının mədəniyyət günləri, eləcə də Özbəkistanda Azərbaycanın mədəniyyət günləri təşkil olunub.
2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini deyən nazir bildirib ki, bu mötəbər tədbirin mədəni gündəliyi də var. COP29 çərçivəsində mədəniyyət nazirlərinin görüşü nəzərdə tutulub. Bu görüş, həmçinin iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirinin müzakirəsi üçün mühüm bir fürsət olacaq.
Qeyd edək ki, “Slavyan Bazarı Vitebskdə” festivalında ŞƏT ölkələrinin milli mədəniyyət günü keçirilir. Mədəniyyət günü iyulun 12-də Vitebskin Qələbə meydanında “ŞƏT ilə birlikdə sülh və yaradıcılıq naminə” adlı konsertlə başlayıb. Tədbirə təşkilata üzv ölkələrin nümayəndə heyətləri də qatılıb.
Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub.
Hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, Belarus təşkilatın tamhüquqlu üzvləridir. Bir sıra ölkələr təşkilatda müşahidəçi statusuna, habelə dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycan 2016-cı ildən ŞƏT-lə dialoq üzrə tərəfdaş statusunda fəal əməkdaşıq edir.