Avropa çətin seçim qarşısında: Silah, yoxsa rifah?  - ANALİZ

Soyuq müharibədən sonra Avropa dövlətləri hərbi xərclərini azaltmaqla və sosial proqramlara daha çox büdcə ayırmaqla bu gün sahib olduqları gücə nail oldular. İllərdir  müdafiədə böyük ölçüdə ABŞ-a güvənən Avropa indi yenidən silahlanmağı düşünür. Almaniya kimi ölkələr son vaxtlar büdcələrində silahlanma payını yenidən artırıblar. Ancaq sosial yardımı azaltmaq və silahlanmağa başlamaq bunun əksini etməkdən qat-qat çətindir. Bu, Avropa üçün çətin seçim dilemması yaradır: Müharibəyə hazırlıq, yoxsa sosial rifah?


 
Sherg.az xəbər verir ki, İllər əvvəl Soyuq müharibə başa çatanda Avropa hökumətləri hərbi büdcələrini azaldıb və sosial proqramlara bir neçə trilyon dollar xərclədilər.

Bu, Avropanın az sayda xarici təhlükə ilə üzləşdiyi və ABŞ-ın himayəsindən həzz aldığı bir vaxtda seçicilər arasında populyar siyasət idi.

Ukraynada gərginlik illərdir artmaqda davam edir və ABŞ diqqətini Çinə yönəldir.

Amma bütün bunlara baxmayaraq, Avropa ölkələri sülh dövründəki bu üstünlüklərdən imtina etməkdə çətinlik çəkirlər. Əksər ölkələr ordularını müharibəyə hazırlaya bilmirlər.

Silahları yağla əvəz etmək asan idi; Bu tendensiyanı geri qaytarmaq daha çətindir.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada hərbi bazalar yararsız vəziyyətə düşür və ya idman mərkəzləri, qocalar evləri və pensiya fondu ofisləri də daxil olmaqla mülki istifadə üçün ərazilərə çevrilir.

Soyuq müharibə dövründə Qərbi Almaniyada yarım milyon, Şərqi Almaniyada isə 300 min əsgəri olan ordunun bu gün cəmi 180 min personalı var.

Ölkədə 1980-ci illərin sonlarında 2000-dən çox Leopard 2 əsas döyüş tankı ilə müqayisədə hazırda cəmi bir neçə yüz əməliyyat tankı var.

Almaniyanın müdafiə naziri Boris Pistorius gələn ilki hərbi xərclər üçün tələb etdiyindən qat-qat az aldıqdan sonra jurnalistlərə deyib: "Bu vəziyyət məni kədərləndirir. Bu o deməkdir ki, bəzi şeylər var ki, onları təhdid səviyyəsinin tələb etdiyi sürətlə edə bilmirəm".

Digər tərəfdən, NATO-nun hərbi xərclərinin üçdə ikisini əhatə edən ABŞ-da prezidentliyə namizədlərin hər ikisi Avropanın bu yükü əhəmiyyətli dərəcədə çiyninə götürməli olduğunu iddia edirlər.

Görünən odur ki, Donald Trampın prezidentliyi dövründə onun yenidən seçiləcəyi təqdirdə etdiyi təzyiqlər artmaqda davam edəcək.

Keçmiş prezident vurğulayır ki, Avropa dövlətləri NATO-nun 2 faizlik hədəfini keçərək, ümumi daxili məhsullarının ən azı 3 faizini ittifaqa verməlidirlər.

Münhendə yerləşən Ifo analitik mərkəzi bildirir ki, Avropa Soyuq müharibədən sonra hərbi xərcləri azaltmaqla 1991-ci ildən bu yana 1,8 trilyon avroya qənaət edib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Almaniya bunun “dönüş nöqtəsi” olduğunu bəyan edərək, ümumi daxili məhsulunun 2 faizini orduya xərcləmək qərarına gəlsə də, atılan addımlar yetərli sayılmır.

Bu ilin əvvəlində Almaniyanın 2025-ci il büdcəsi ilə bağlı danışıqlar zamanı maliyyə naziri Kristian Lindner sosial xərcləri üç il müddətinə donduraraq müdafiə üçün pul boşaltmaq istəyirdi.

Bu addım hakim koalisiyadakı digər partiyalar tərəfindən rədd edildi və əsas müdafiə büdcəsi 2024-cü ilə nisbətən cəmi 1,2 milyard avro artırıldı; Bu, hərbi qulluqçuların maaşlarının son artımını ödəməyə kifayət edirdi.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck radikal sağın yüksəlişi kimi təhdidləri vurğulayaraq, "Sırf orduya daha çox pul verməli olduğumuz üçün sosial dövlətdən imtina etmək fikrini ölümcül hesab edirəm. Ölkəni bir yerdə saxlamaq üşün sosial xərclər lazımdır”-deyə bildirib.

Dünyanın aparıcı qəzetlərindən biri olan "Wall Street Journal"ı  bu dilemmanı tək bir sualla yekunlaşdırır: Silah, yoxsa yağ?