Politoloq: Ermənistan tərəfi Moskvanın vasitəçiliyini qəbul etməyib

Nazirlərin Rusiyada görüşü baş tutmayıb


  Rusiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edib. Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə COP29-a sədrlik barədə məlumat verib. Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu il də mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi qeyd olunub. Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, tərəfimizdən aparılan danışıqlar prosesi və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti apardığımızı diqqətə çatdırıb. Daha sonra isə Birlik ölkələri xarici işlər nazirləri şurasının plenar iclası baş tutub. Plenar iclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Birlik çərçivəsində əməkdaşlığın perspektivlərini, gündəmdə olan beynəlxalq və regional məsələlərin həllini müzakirə ediblər. Növbəti iclasının gələn ilin aprel ayında Qazaxıstan paytaxtı Astanada keçirilməsi qərara alınıb. Sammit çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb. Bununla bağlı müəyyən iddialar olsa da, Ermənistan XİN məlumatları təkzib 
edib. 

  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Rusiya hər iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsində maraqlı olsa da, təmas baş tutmayıb. Ekspert vurğulayıb ki, BMT sammiti çərçivəsində ABŞ dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə XİN rəhbərlərinin görüşü keçirilmişdi: 

"Rusiya da belə bir görüşün təşkili ilə Qərbə mesaj vermiş olardı. Amma Ermənistan tərəfi Moskvanın vasitəçiliyini qəbul etməyib. Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur. Ümumiyyətlə, Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinə zərurət yoxdur. Tərəflər əlavə vasitəçiyə ehtiyac olmadan ikitərəfli gündəliyi müzakirə edirlər. Hazırda danışıqlarda müəyyən durğunluq var. Ermənistan tərəfi razılaşdırılmış 13 bənd üzrə "aralıq" sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu xüsusda Vaşinqton İrəvanın mövqeyini dəstəkləyir. Azərbaycan üçün ən məqbul variant isə yekun sülh müqaviləsinin bağlanmasıdır".
Siyasi şərhçi bəyan edib ki, Prezident İlham Əliyev prinsipial olaraq bütün bəndlər üzrə yekun sülh müqaviləsinin bağlanması şərtini irəli sürür: "Region üçün də ən məqbul variant yekun sülh müqaviləsinin bağlanmasıdır. Lakin COP29-a kimi tərəflər arasında sülh sazişinin bağlanması gözlənilmir. Ermənistan rəhbərliyi bütün bəndləri qəbul etdikdən sonra yekun sülh müqaviləsi bağlanacaq. Azərbaycanın guya Ermənistana əlavə şərtlər irəli sürməsi iddiaları revanşistlərin Paşinyana təzyiq vasitəsidir".