Ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vaxtı ilə BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycanı dünya birliyi COP29 kimi nüfuzlu iqlim konfransının ev sahibi kimi dəstəkləndi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olmasını bir daha təsdiqlədi. Hazırda COP29-a ev sahibliyi edən Azərbaycan qlobal iqlim dəyişikliyinə öz ciddi töhfəsini verməkdədir. Cənubi Qafqaz və MDB məkanında ilk dəfə COP-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Regionun qalib və lider ölkəsi kimi Azərbaycanın yaşıl gündəliyi də olduqca zəngindir. İqlim dəyişikliyi ilə mübarizəyə dair ölkəmizin irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azad olunmuş ərazilərin yaşıl enerji potensialının inkişaf etdirilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən “boz zona”ya çevrilən Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı ilə öz töhfəsini verir və beynəlxalq platformalarda müzakirə olunur. Beləliklə, COP29 iqlim müzakirələri ilə yanaşı, həm də ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın sabitləşdirici faktor və regionun iqtisadi drayveri kimi təqdimatı olacaq.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a deyib ki, COP 29 noyabr ayının 22-ə qədər davam edəcək və bu müddət ərzində Azərbaycan dünyanın diqqət mərkəzində olacaq.
Deputat vurğulayıb ki, 200 ölkədən gəlmiş nümayəndə heyətlərinin, o cümlədən 100-dən artıq dövlət və hökumət başçılarının iştirak etdiyi sammitdə planetin qarşısında duran ən vacib məsələlər müzakirə olunacaq:
"Əsas mövzu Yer kürəsində iqlim dəyişikliklərinin qarşısının allnması, atmosferə atılan tullantıların miqyasının azaldılması, kifayət qədər maliyyə vəsaitlərinin ayrılması ilə bağlıdır. Daha dəqiq desək, söhbət Planetin xilasından gedir. Etiraf etmək lazımdır ki, bəşəriyyət bu məsələdə xeyli gecikib. Ətraf mühitin çirkləndirilməsi, ildən ilə sürətlə artmaqdadır. Təcili və təsirli tədbirlər görülməzsə, çox yaxın gələcəkdə Yer kürəsinin müxtəlif ərazilərini dəhşətli fəlakətlər gözləyir. Son illərin daşqınları, sel suları ayrı ayrı ölkələrdə çoxsaylı insan tələfatı ilə müşahidə olundu. Qlobal istiləşmə, quraqlıq, su çatışmamazlığı da, iqlim dəyişikliklərinin nəticəsidir. Mütəxəssislərin fikrincə, bütün bunların qarşısının alınması üçün ən azı 1 trilyon ABŞ dolları vəsaitin ayrılması lazımdır. Gələcəkdə isə, bu məqsədlə bağlı ayrılan maliyyənin məbləği daha da artırılmalıdır. Burada bəzi məsələlərə aydınlıq gətirilməlidir. Məlumdur ki, atmosferi ən çox çirkləndirən sənaye baxımdan inkişaf etmiş ABŞ, Çin, Hindistan, RF, Almaniya, Fransa, Yaponiya və s. ölkələrdir. Təbii olaraq, əsas məsuliyyət, maliyyə yükü də, həmin ölkələrin üzərinə düşür. Əfsuslar olsun ki, zaman-zaman onların iqlim dəyişiklərinə münasibətləri adekvat olmamışdır. ABŞ-n yenidən prezident seçilmiş Trampın mövqeyi də, hamıya məlumdur. O, birinci prezidentliyi dövründə Paris razılaşmasından ümumiyyətlə çıxmışdı. Trampın, əvvəlki siyasətini davam etdirəcəyi halda, növbəti 4 ildə, COP sammitlərini ciddi maliyyə problemləri gözləyir".
Parlament qeyd edib ki, "COP 29 dünyaya və Azərbaycana nə verəcək", sualına gəldikdə isə, belə bir möhtəşəm tədbirin keçirilməsinin özü, bir çox problemlərin həlli deməkdir:
"Hətta, nəzərdə tutulan maliyyə vəsaitlərinin toplanması ilə bağlı razılaşmalar əldə olunmasa belə. Panellərdə, müxtəlif danışıqlarda yeni təkliflərin səsləndirilməsi, gələcək fəaliyyət planları müəyyənləşdiriləcək. İqlim dəyişikliyinə məruz qalmış zəif bölgələr müəyyənləşdiriləcək, problemlərin qarşısının alınması üçün ünvanlı proqramlar hazırlanacaq. Təbii ki, Bakı sammiti, ikitərəfli danışıqların, fikir mübadilələrinin aparılması üçün ideal məkandır. Əsas mövzu ilə yanaşı, ölkələrarası, qarşılıqlı münasibətlərə də aydınlıq gətiriləcək. Bütün bunlar, iqlim dəyişiklikləri ilə bərabər, dünyada sülhün, sabitliyin qorunmasına xidmət edir. Azərbaycanın COP 29 kimi qlobal tədbirə ev sahiblik etməsi, hər şeydən əvvəl dövlətimizin qüdrətinin göstəricisidir. Qeyd etdiyim kimi, Azərbaycanın, dünyanın diqqət mərkəzində olması, ən yüksək səviyyədə tanınması deməkdir. Bundan güclü reklam ola bilməz. Azərbaycan dünyaya açılacaq. Mədəniyyətimizlə, tariximizlə, müasirliyimizlə, tolerantlığımızla, şəhərimizin gözəlliyi ilə, qonaqpərvərliyimizlə tanınacağıq. Əminəm ki, sammit ən yüksək səviyyədə keçiriləcək, gələn qonaqlar yüksək təəssüratlarla Azərbaycandan ayrılacaqlar".