Lakin rus dilini bilməyən miqrant uşaqlarının tədris proqramından uzaqlaşdırılması yolverilməzdir
Rusiya Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinin müzakirəsinə başlayıb.
Təklif olunan qanun layihəsinə əsasən, miqrant uşaqlarının ümumi təhsil müəssisələrinə qəbulundan əvvəl onların rus dili biliyi yoxlanılacaq.
Bu məqsədlə xüsusi dil imtahanlarının keçirilməsi planlaşdırılır.
Bundan əlavə, miqrant uşaqların valideynlərinin Rusiya Federasiyasında qanuni əsaslarla yaşayıb-yaşamadığı da araşdırılacaq.
Qeyd olunur ki, bu qanun layihəsi qəbul olunsa, təhsil hüququnun həyata keçirilməsində miqrant ailələri üçün ciddi maneələr yarana bilər. Rusiya hökuməti bu tədbirləri milli təhlükəsizliyi və mədəni inteqrasiyanı təmin etmək məqsədilə əsaslandırsa da, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bu addımın insan hüquqlarına zidd ola biləcəyini bildirirlər.
Miqrant uşaqların rus dilini bilməməsi onların cəmiyyətə inteqrasiyasını çətinləşdirən əsas problemlərdən biri kimi təqdim olunur. Eyni zamanda, valideynlərin qanuni statusunun yoxlanılması, ailələrin daimi yaşama şəraitinə təsir edə və müəyyən sosial narazılıqlara səbəb ola bilər.
Layihə hələ ilkin müzakirə mərhələsində olsa da, bu mövzu artıq cəmiyyətdə geniş rezonans doğurub. Təklifin tərəfdarları hesab edir ki, bu, təhsil sisteminin yükünü azaldacaq və yerli uşaqlar üçün daha əlverişli şərait yaradacaq. Əleyhdarlar isə bu təşəbbüsün ayrı-seçkilik xarakteri daşıdığını, miqrant ailələr üçün əlavə çətinliklər yaradacağını iddia edirlər.
Milli Məclisin deputatı Azər Allahverənovun “Sherg.az"a açıqlamasına görə, rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edilməsi məsələsi daimi olaraq gündəmdə saxlanılır, tez-tez Rusiya KİV-lərində müzakirə edilir:
“Hətta konkret nümunələr göstərirlər ki, miqrant uşaqlarının kompakt təhsil aldığı məktəblərdə oxuya uşaqlar rus dilin çox zəif bilir, ya da ümumiyyətlə, danışa bilmirlər. Bu da onların lazımi bilik əldə edə bilməmələrinə, tədris prosesində ciddi axsamalar yaşadıqlarına səbəb olur. Bunu isə dövlət üçün bir yük kimi dəyərləndirirlər. Onu da deyim ki, Rusiya dövlətinin miqrasiya sahəsində həyata keçirdiyi siyasətin ana xəttini ölkə ərazisində yaşayan miqrantların cəmiyyətə inteqrasiya olunması təşkil edir. Rus dilini bilməyən miqrant uşaqların yerli cəmiyyətə inteqrasiyası da çətin olduğundan bu problemin həllini inzibati üsullarda görürlər. Son yayılan xəbərlərdən də görünür ki, bu məsələ ilə bağlı hökumət sərt addımlar atmaq fikrindədir. Lakin rus dilini bilməyən miqrant uşaqlarının tədris proqramından uzaqlaşdırılması yolverilməzdir”.
Deputat deyib ki, bir çox ölkələrdə tədris prosesinə cəlb olunan şəxslərlə bağlı həyata keçirilən çox yaxşı bir praktika var: “Əgər hər hansısa bir şəxs xarici ölkədə təhsil alacaq və yerli dili bilmirsə, o, ilk əvvəl bir il hazırlıq kursuna cəlb edilir. Bu praktika daha çox ali təhsil müəssisələrində tətbiq edilsə də, rus dilini bilməyən miqrant uşaqlarla bağlı bu təcrübəni tətbiq etmək olar. Ayrı-ayrı federasiya və vilayətlərdə kompakt yaşayan miqrant uşaqları tədrisdən əvvəl bir müddət dil dərslərinə cəlb edilməlidir”.