Müharibə mənzərəsi yaranıb, amma olmayacaq
ABŞ-nin yeni prezidentinin fəaliyyətə başlaması ilə danışıqlar bir qədər də sürətlənəcək
2024-cü il başa çatmaq üzrə olsa da, Ermənistan ötən dörd il ərzində sülh istiqamətində ciddi konstruktiv addım atmayıb. Əksinə, son vaxtlar İrəvanda revanşizm əhvali-ruhiyyəsi xüsusilə artıb. Fransanın təhriki ilə silahlanan Ermənistan bu yolla dörd ildən çoxdur regionda yaranmış yeni reallığı dəyişəcəyinə ümid bəsləyir. "Sülhə sadiqlik"dən danışan Ermənistan hökuməti silahlanmaya, orduda islahatlar aparmağa davam edir. Ermənistan ötən il boyu Hindistan və Fransadan silah alınmasına dair bir sıra müqavilələr imzalayıb. Xüsusən, Rusiyanın silah bazarına alternativ kimi görülən Hindistandan güllə və qumbaradan tutmuş, tank əleyhinə “Konkurs-M” raketləri, 90 ədəd 150 mm-lik “ATAGS” haubitsları, 80 mm-lik artilleriya qurğuları və “Pinaka” yaylım atəşli reaktiv sistemin 4 batareyası alınıb. Son olaraq Ermənistan bu ölkədən orta mənzilli “Akaş” zenit-raket kompleksi, pilotsuz uçuş aparatları (PUA) və onlara qarşı mübarizə sistemləri satın alıb. Bununla yanaşı, Ermənistan Fransadan 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli 24 zirehli texnika əldə edib və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb. Göründüyü kimi, sülh və regional sabitlikdən danışan Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir və sürətlə hərbləşməyə gedir. Digər bir reallıq odur ki, Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür. Vəziyyəti öz xeyrinə dəyişməyə çalışan baş nazir hərbi əməliyyatlar hesabına uğur qazanacağını düşünür. Bununla yanaşı, Ukrayna cəbhəsində əli boşa çıxan Fransa və Avropa İttifaqı da yeni münaqişə ocağı yaratmaqla Rusiyanın diqqətini yayındırmağa çalışır. Bir sözlə, Qərb yenidən Cənubi Qafqazda ikinci cəbhə açmaq planını davam etdirir və bu yolda alət kimi Ermənistandan istifadə edir. “Mülki missiya” adı altında şərti sərhəddə kəşfiyyat məlumatları toplayan Aİ missiyasının pozucu fəaliyyəti, Fransanın, Hindistanın Ermənistana silah verməsi, Yunanıstanın S-300 zenit-raket komplekslərini Ermənistana vermək niyyəti də Cənubi Qafqazla bağlı məkrli planın tərkib hissəsidir. Son günlərdə Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı da yeni mərhələyə qədəm qoyub. Xüsusilə S-300 zenit-raket komplekslərinin Ermənistana ötürülməsi cəhdləri Azərbaycanın hava hücumundan müdafiə sistemlərinə qarşı əlavə təhdidlər yaradır. Bu addım, beynəlxalq hərbi balans prinsiplərinin pozulmasına səbəb olmaqla yanaşı, Ermənistanın hərbi təxribatlara daha da cəsarətlənməsinə şərait yaradır. Bu cəhdlər yalnız Ermənistanın daxili problemlərini ört-basdır etmək cəhdi deyil, eyni zamanda Qərbin, xüsusilə Fransanın geosiyasi maraqlarına xidmət edən təxribatçı plandır. Ermənistan hakimiyyətinin revanşizm siyasəti, silahlanma prosesinin sürətlənməsi və beynəlxalq dəstək sayəsində həyata keçirdiyi avantüra Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətini açıq şəkildə göstərir. Məqsədi təkcə Ermənistanın hərbi gücünü artırmaq deyil, həm də bölgədə hərbi balansı pozmaqdır. Məhz bu səbəbdən dayanıqlı sülh və təhlükəsizlik istiqamətində yekun nəticə əldə etmək mümkün olmur. Əlbəttə, rəsmi Bakı isə bütün təhdidlərə adekvat cavab verməyə hazırdır.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistanın Fransa, Hindistan kimi ölkələrdən silahlar alması İrəvanda belə bir ümid yaradır ki, bu yolla öz təhlükəsizliyini təmin edəcək. Ekspertin sözlərinə görə, Ermənistan yaxşı başa düşür ki, bütün hallarda Azərbaycanla hərbi müqayisəsi qeyri-mümkündür:
"2020-ci ildə, yəni müharibə vaxtı belə Ermənistan dəfələrlə bizdən geri idi. Ötən 4 il ərzində Azərbaycanın hərbi xərcləri Ermənistandan 2.5-3 dəfə çox olub. Aradakı fərq kifayət qədər artıb. Bunu Ermənistan yaxşı başa düşür. Əslində. indiki məqamda Ermənistanda hərbi xərclərə bu qədər vəsait ayırmağın heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistanın hərbi müstəvidə Azərbaycana çatma, hətta yaxınlaşma ehtimalı demək olar ki, yoxdur. O baxımdan bu siyasət yanlışdır. Amma görünür, daxili auditoriyanı sakitləşdirmək üçün bu cür addımlara gedilir. Fransa və Hindistan isə erməniləri silahlandırmaqla Ermənistana daha çox yaxınlaşırlar. İrəvan bir növ rüşvət verərək tərəfdarlarını fəallaşdırmağa çalışır”.
A.Səmədovun qənaətincə, indiki şəraitdə İrəvanın güc mövqeyindən danışması, hərbi ritorikanı artırması mənasızdır: "Avropa İttifaqının "mülki missiyası" artıq öz işini başa vurub. Yəqin ki, müddəti uzadılmayacaq. Nə qədər məlumat toplamaq mümkün idisə, toplayıblar. Bu missiyanın Ermənistan ərazisində qalmasına ehtiyac yoxdur. Ermənistan hərbi cəhətdən zəif olduğunun fərqindədir və məhz o səbəbdən yarımçıq da olsa sülh sazişinin imzalanması üçün səylərini artırır. İrəvan təklif edir ki, razılaşdırılmış bəndlərə əsasən "sülh sazişi" imzalansın. Əslində, bunun özü göstərir ki, Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya getmək şansının olmadığını dərk edir. Üstəlik, Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Nə Hindistan, nə də Fransa Ermənistana bu qədər yaxındır”.
Siyasi şərhçi güman edir ki, ABŞ-nin yeni prezidentinin fəaliyyətə başlaması ilə danışıqlar bir qədər də sürətlənəcək. Qısa müddət ərzində yerdə qalan razılaşdırılmamış maddələr üzərində də razılıq əldə olunacaq: "Paşinyanın reytinqi düşsə də, Ermənistanda ən populyar siyasətçi odur. Hələ də planlarını reallaşdırmaq imkanları qalmaqdadır. Bunun üçün Azərbaycanla normal münasibətləri qurulmalıdır. Ermənistan rəhbərliyi Konstitusiyanı dəyişdirməlidir. Ermənistandakı revanşistlər bunu anlamasa da, baş nazir reallığı görür. Hökumətin revanşist cəhdləri, müharibə çağırışlarını dəstəklədiyini düşünmürəm".