Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a söyləyib ki, son zamanlar İran və Azərbaycanla münasibətlərdə müəyyən istiləşmələr müşahidə edilir:
“Hətta Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçəcək yolların infrastrukturunun tikintisi də sürətlənib. Eyni zamanda iki ölkə arasında bu yaxınlarda birgə hərbi təlimlər baş tutub. İki qonşu ölkənin münasibətlərinin rəvan olması müsbət haldır. İndiyə qədərki gərginlik isə Azərbaycan tərəfindən deyil, İrandan qaynaqlanıb. Ümid edək ki, İran bundan sonrakı davranışlarında Azərbaycanın qırmızı xətlərini nəzərə alacaq. Ümumiyyətlə İran prezidenti Məsud Pezeşkianın qonşu ölkələrə və Azərbaycana münasibətində müsbət dinamika mövcuddur. Düşünürəm ki, iki ölkə arasında əlaqələrin normallaşması İran və Azərbaycanın strateji maraqlarına uyğundur”.