Türkiyənin Suriyadakı rejim dəyişikliyindən qazanclı çıxıb-çıxmayacağını isə zaman göstərəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd rejiminin devrilməsi fonunda Suriyanın təkrar bölünməsinin yolverilməz olduğunu bildirib. Suriyada baş verənləri şərh edən Türkiyə lideri deyib ki, Suriyanın təkrar bölünməsinə və Suriyanın qarşıdurma bölgəsinə çevrilməsinə yol vermək olmaz. Ərdoğan qeyd edib ki, Türkiyə illərdir suriyalılara sığınacaq verib və bu, qardaşlıq sınağından uğurla keçib. Dövlət başçısı Suriyada son həftələr baş verən hadisələri “bütün region üçün tarixi dövr” adlandırıb:
“Son 13 ildə Suriya öz tarixində “qara zolaq”la üzləşib, bu, 61 il hakimiyyətdə olan “Baas” diktaturasının devrilməsi ilə başa çatdı. Suriya xalqının önündə “işıqlı bir fürsət pəncərəsi” açılıb”. Ərdoğan ümid etdiyini bildirib ki, çox yaxın gələcəkdə İŞİD və PKK terrorçularının fəaliyyət göstərdiyi Suriya əraziləri azad ediləcək. Türkiyə rəhbəri Suriya ərazilərinə nəzarət etmək istəyən qüvvələrə də xəbərdarlıq edib: “Türkiyə Suriyada bugünkü nailiyyətləri əldə etmək üçün həddən artıq səy göstərib. Başqalarının Suriya xalqından üz döndərdiyi bir vaxtda biz qapılarımızı qonşu ölkədən milyonlarla insanın üzünə açdıq. Ankara yeni gərginlik dövrələrinə və Suriyanın təkrar qarşıdurma zonasına çevrilməsinə yol verməyəcək”. Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı Suriyada PKK/YPG terror təşkilatının Əsəd rejimindən ələ keçirdiyi silah və sursatları daşıyan konvoyuna qarşı uğurlu əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində 12 yük maşını, 2 tank və 2 sursat anbarı məhv edilib. Məlumata görə, terror təşkilatı ələ keçirdiyi hərbi avadanlıqları Türkiyəyə qarşı istifadə etməyi planlaşdırırmış. MİT-dən bildirilib ki, Suriyada yaranmış mövcud şəraitdə terror təşkilatının sərhəd bölgələrində möhkəmlənərək Türkiyəyə qarşı fəaliyyət göstərməsinə icazə verilməyəcək və bu cür əməliyyatlar davam etdiriləcək.
Fatih Sultan Mehmet Universitetinin professoru, tarixçi-alim Hasip Sayğılı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Suriyada Əsəd rejimi gözlənilməz sürətlə süqut etdi. Professorun sözlərinə görə, zülm və təzyiqlərə əsaslanan məzhəbçi diktatura rejiminin devrilməsi, şübhəsiz ki, bir çox insana sevinc bəxş etdi:
"Rejimin süqutu Əsəd zülmündən əziyyət çəkən kütlələr arasında gözlənilməz həyəcana səbəb oldu. Ancaq bu məsələdə itirən və qazanan tərəflər var. Rejimin dağılması ilə Rusiya və İranı itirən tərəflər arasında görmək lazımdır. Rusiya Ukrayna ilə müharibə vəziyyətində olması səbəbi ilə 2016-cı ildəki BAAS rejimi üçün etdiklərini təkrarlaya bilmədi. Hələlik Moskvanın bu yanaşmasının Qərblə razılaşmalı şəkildə güzəştə gedib-getmədiyini söyləyə bilmirik. Suriyadakı yeni hökumət rəsmilərinin Rusiyanın oradakı hərbi bazalarına etiraz etməyəcəklərini açıqlaması maraqlı məqamdır. Hərbi bazaları qalsa belə, Rusiyanın Suriyadakı təsirinin sona çatması qaçılmazdır. Bu, yüzillərdir şimaldan Rusiya təhlükəsi ilə üzləşən Türkiyənin cənubdan da mühasirəyə alınması ehtimalını aradan qaldırmasa da, xeyli zəiflədib. Suriyada çökmüş rejimin ikinci itirəni İrandır. Livanda Hizbullah İranın forpostu kimi kritik dövrlərdə BAAS rejimini bütün gücü ilə dəstəkləyirdi. Lakin son dövrlərdə İsrailə qarşı mübarizə nəticəsində gücünü xeyli itirmiş Hizbullah HTŞ-nin Əsəd rejimini devirdiyi müddətdə öz müttəfiqinin yanında dayana bilmədi. Rejimin süqutu İranın Suriyadakı təsirinə son qoydu. Demək olar ki, İran Suriyada ən bariz şəkildə uduzan tərəfdir".
Alim vurğulayıb ki, prosesə başqa prizmadan baxdıqda fərqli qiymətləndirmələr də ortaya çıxır: "Başqa dövlətlər tərəfindən Yaxın Şərqin problemi kimi görülən və Türkiyəyə hücum ehtimalı da zaman-zaman dilə gətirilən İsrail Suriyadakı rejimin çökməsindən ən çox qazanan dövlətdir. İsrail işğal etdiyi Colan təpələrinin qarşısındakı bufer zonadan əlavə Suriya ərazisinin əhəmiyyətli hissəsini də işğal etməkdədir. Suriyanın hərbi potensialı və infrastrukturu geniş şəkildə məhv edilib. İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın ən şimal bölgəsində, Türkiyə sərhədində yerləşən Qamışlıya zərbələr endirməsi də diqqət çəkir. Daha önəmlisi odur ki, İsrail rəsmiləri az qala hər gün onların dəstəyi ilə Suriya coğrafiyasında "Kürdüstan dövləti"nin qurulacağını bəyan edərək, yeni vəziyyətin Türkiyə və digər region ölkələri üçün ciddi risk və təhlükə yaratdığını göstərirlər".
Professorun fikrincə, Əsəd rejiminin devrilməsindən qazanan qruplardan biri də İŞİD-ə qarşı mübarizə apardığı səbəbilə ABŞ-nin himayəsində olan və bölgədə dəstəklənən separatçı terrorçu təşkilat - PYD-dir: "Fəratın qərbində Tel-Rıfat və Menbiçdən münaqişəsiz geri çəkilən təşkilat hakimiyyət boşluğundan istifadə edərək, neft və qaz ehtiyatları da daxil olmaqla ölkənin üçdə birinə nəzarəti ələ keçirir. Suriyada yeni qurulan HTŞ hökuməti PYD-nin dominantlıq zonası haqqında dəqiq fikir bildirmir. Lakin belə təəssürat yaranır ki, o, mövcud vəziyyətə çox da etiraz etməyəcək. Digər məqam odur ki, ABŞ administrasiyası separatçı terror təşkilatını özünün tərəfdaşı kimi gördüyünü hər fürsətdə bəyan edir".
H.Sayğılı əlavə edib ki, Türkiyə üçün Suriyada diktatura rejiminin süqutu hələlik konkret müsbət nəticə verməyib:
"Türkiyədə əhali balansını pozan milyonlarla suriyalı qaçqının öz ölkələrinə qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil. Əgər gündə cəmi 200-300 suriyalının sərhəd qapılarından qayıtdığı xəbəri doğrudursa, bu tendensiyada kəskin artım müşahidə olunmursa, qeydiyyatdan keçməyən Suriya əhalisinin qalmağa davam edəcəyini proqnozlaşdırmaq mümkündür. Suriya əhalisinin Türkiyə vətəndaşlarının sayından çox olduğu deyilən Kilis və Hatay kimi sərhəd vilayətlərimizdə mövcud ağrılı vəziyyətin həllinin yubanacağı da ehtimallar arasındadır. Narahatlıq doğuran digər məsələ separatçı terror təşkilatının devrilmiş rejim dövründəkindən daha çox nüfuz qazanma ehtimalıdır. Əgər Suriyada demokratik, dini-irqi ayrıseçkilik etmədən vətəndaşların hüquqlarının bərpa edildiyi bir hökumət qurularsa, Türkiyənin və region ölkələrinin xeyrinə olacaq. Bu kontekstdə Ankara diplomatiyasının yeni qurulan HTŞ hökumətinə və beynəlxalq aktorlara təsir imkanları Türkiyənin Suriyadakı rejim dəyişikliyindən qazanclı çıxıb-çıxmayacağını göstərəcək. Soyuqqanlı və əsaslı diplomatiya dini-milli qəhrəmanlıq qədər həyəcan və emosiya yaratmaya bilər. Amma əsas odur ki, belə bir siyasət ölkənin real və qalıcı maraqlarına xidmət edəcək".