Ermənistandakı "mülki missiya"nın təxribatları rüsvayçı sonluqla bitəcək
Xəbər verdiyimiz kimi, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəlməklə ölkəmizə qarşı yeni bir təxribata yol verib. Avropa İttifaqının (Aİ) Ermənistandakı "mülki missiyası" bu təxribata yol verilməsi üçün ona şərait yaradıb. Bununla da, Dekotininin günahına şərik olub. Aİ-nin "mülki missiyası"nın yaydığı məlumatda qeyd olunub ki, Fransanın Ermənistandakı səfirini qərargahda qəbul etməkdən şərəf duyurlar. Hətta missiya bir az da irəli gedərək fransalı səfiri ərazilərimizi müşahidə edən patrul dəstəsinə qoşub.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, Fransanın özündə dərin siyasi böhranın yaşandığı, hökumətin buraxıldığı və Makronun özünün də istefasının gündəmə gəldiyi belə bir kritik məqamda bu ölkənin İrəvandakı səfirinin Azərbaycana qarşı təxribata yol verməsi təsadüfi deyil:
"Bəlkə, bu addım hazırda Fransada hökumətsizliyin hökm sürməsindən qaynaqlanır? Görünən budur ki, Dekotini Fransada öz "boss"larının, yəni xarici işlər nazirlərinin tez-tez dəyişməsindən istifadə edərək, diplomatik protokoldan kənara çıxmaq qərarına gəlib. "Kamikadze"lik etməyi və Azərbaycan hərbçilərini təxribata çəkərək sərhəddə insident yaratmaq niyyətinə düşüb. Başqa sözlə desək, fransız səfir ermənilərin "xeyir-dua"sı və Aİ-nin "mülki missiyası"nın əli ilə Fransada "qəhrəman" diplomat, "cəsur səfir" kimi tanınmağa çalışıb. Bəsit və axmaq təşəbbüsdür. Bu cür "qəhrəman"lıqlar adətən rüsvayçı sonluqla bitir. Dekotini belə təxribatları ilə əslində, öz ölkəsinə problem yaradır. Makronun səfirləri odla oynayırlar".