Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq.
Axar.az xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.
“Ermənistan və Azərbaycan, çox güman ki, sülh sazişinə doğru irəliləməyə davam edəcəklər, lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları ehtimal ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək”, - mərkəz bildirib.
“Stratfor” analitikləri ABŞ-ın Ermənistana dəstək verməyəcəyini vurğulayıblar:
“Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirini tarazlaşdırmaq üçün Bakı ilə güclü münasibətləri prioritet hesab edir, ona görə də Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa Birliyi ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək, sülh danışıqlarında Bakının ən güclü tələbinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə (Zəngəzur dəhlizi – red.) qarşı çıxmağa çalışacaq”.
Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, ABŞ-ın "Stratfor" kəşfiyyat-analitik mərkəzinin proqnozu həqiqətə daha yaxındır:
"Mövcud vəziyyətdə Ermənistan hakimiyyəti üçün əsas seçim Qərb olub. Rəsmi İrəvan bölgədə sırf Qərb qüvvələri, hətta ABŞ hesabına öz maraqlarını təmin etməyə çalışırdı. Avropa və ABŞ də Cənubi Qafqazla bağlı yanaşmasında Ermənistanla eyni mövqedə idi. Biz 44 günlük Qarabağ müharibəsindən sonrakı dövrdə bunun şahidi olduq. Xüsusilə Xankəndində separatçıların ləğv edilməsi prosesində ABŞ-lı konqresmenlərlə Avropalı siyasətçilər bərabər statusdan çıxış edirdilər. O cümlədən, Vaşinqton Fransa qədər açıq və sərt mövqe tutmasa da, danışıqlarda Ermənistana yaxın mövqe sərgilədiyi müşahidə edilirdi. Lakin Trampın hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişə bilər. Onun ilk Prezidentliyi dövrünə və respublikaçıların demokratlarla müqayisədə Azərbaycanla əlaqələrdə daha çox maraqlı olduğuna nəzər yetirdikdə bunu deyə bilərik. Bundan sonrakı dövrdə ABŞ-ın Avropa İttifaqı və Fransa ilə Cənubi Qafqaz siyasətində fərqlər olacaq. Yəni Tramp administrasiyası daha Ermənistan və Azərbaycan arasında balans siyasətinə üstünlük verəcək. Bu isə rəsmi İrəvanın Qərbdən olan dəstəyinin azalması və ya zəifləməsi deməkdir. Bu baxımdan Ermənistanın anti-rusiya siyasətində də dəyişiklik ola bilər. Buna görə də Paşinyan üçün əsas məsələ Azərbaycanla danışıqlardır. Digər tərəfdən, əgər Tramp administrasiyası gözlənilən kimi siyasət yürüdərsə, bu, sülh prosesində Ermənistanın əlini zəiflədəcək. Eyni zamanda regionda əsas həlledici rol oynayan güclər Rusiya və Türkiyədir. Bu mənada Rusiyanın gündəliyində kommunikasiyanın açılması məsələsində Azərbaycanla fikirləri üst-üstə düşür".
Politoloqun sözlərinə görə, bundan sonra Ermənistana regional dəstək üçün seçiləcək alternativ Fransa və İrandır:
"Ümumiyyətlə Paşinyan bundan sonra Tehranın qapısını daha çox döyəcək. İranın artıq həmişəki gücü yoxdur. Həmçinin Yaxın Şərqdə itkilərə məruz qaldığı üçün qarşıda daha çox aqressiyasını görəcəyik. Lakin İranın müqavimət oxu zəiflədiyi üçün özünün təhlükəsizliyi ilə bağlı ciddi risklər var və regiondakı hadisələrə təsir edəcək gücdə deyil. Fransanın da artıq təklənmiş vəziyyətdə olduğunu görürük. Buna görə də Makron da Cənubi Qafqazda sülh prosesinə qarışacaq və Ermənistanı gücləndirə biləcək addımlar atmayacaq. Ümumiyyətlə 2025-ci ildə Ermənistan daha zəif mövqelərə malik olacaq".