Ankara sülh prosesində aktiv rol aldığının mesajını verir - ŞƏRH

ABŞ-nin yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək
 
ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün vacibliyini vurğulayıblar. Hakan Fidan və Marko Rubio, həmçinin ABŞ-Türkiyə münasibətləri, Suriya məsələsi, Türkiyənin NATO müttəfiqi kimi rolu və digər məsələlər barədə də danışıblar.

Ankaranın Ermənistan-Azərbaycan məsələsini gündəmində saxladığını vurğulayan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında deyib ki, bu məsələni Vaşinqtonla müzakirə etməklə, prosesin tam Ermənistanın lehinə işləməsinə imkan vermir: 

“Hakan Fidanın ABŞ-nin dövlət katibi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsini müzakirə etməsi, Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır.  ABŞ-nin yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək. Bir neçə gün bundan əvvəl, Ermənistanın C.Bayden administrasiyasi ilə bağladığı "İkitərəfli strateji tərəfdaşlıq" sazişi birbaşa Vaşinqton-Yerevan dialoqunun formalaşmasına gətirməyəcək. Xüsusilə, D.Tramp administrasiyası Ankara ilə Ermənistan siyasətini uzlaşdıracaq. Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı və Türkiyə ilə normallaşma prosesinə getməyə məcburdur. Ermənistanın Vaşinqtondan siyasi-hərbi gözləntiləri "arzu"  olaraq qalacaq. ABŞ Ermənistana dövlət yardımlarını dayandırıb. Həmçinin proses Azərbaycanla sülh müqaviləsi bağlamadan keçir. N.Paşinyanın Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək”.