
Türk dünyasının güclənməsini istəməyən qüvvələr çoxdur -ŞƏRH
TDT-yə qarşı Rusiya ilə bəzi Avropa ölkələri və Qərb xristian mərkəzləri və hətta İran da eyni mövqedən çıxış edir
Türk dünyasının yeni dünya nizamına təsiri və nüfuzu ənənəvi düşmən qüvvələrini hərəkətə keçirib. Məqsəd təbii ki, böyük türk birliyinin formalaşmasını əngəlləməkdir. Türkiyə və Azərbaycan türk dünyasının əsas lokomotivi kimi hədəfdədir. Əlbəttə ki, Azərbaycanın Rusiya, Fransa, İran və sair havadarı olan Ermənistan üzərində möhtəşəm qələbədən sonra, Türkiyənin hərb sənayesində texnoloji sıçrayışı və faktiki olaraq dünyada söz sahibinə çevrilməsi, Suriyada keçirdiyi rejim dəyişikliyi Qərbdə türk qorxusunu canlandırıb.
Donald Trampın ABŞ-də yeni prezidentliyindən sonra NATO daxilində müttəfiqlərinə qarşı münasibəti Avropanı Rusiya qarşısında çarəsiz vəziyyətdə qoyub. Trampın Avropanın təhlükəsizliyinə laqeyd münasibəti, Avropanı Türkiyəyə sığınmağa məcbur edib. Polşanın Baş naziri Donald Tuskun Türkiyə Prezidenti cənab Ərdoğana xahişindən sonra, Avropanın yenidən Osmanlı imperiyasının təsirinə düşəcəyini ehtiyat edən qüvvələr bütün imkanlarla Türkiyəni sıradan çıxarmağa çalışır.
Siyasi şərhçi Vüqar Dadaşovun “Sherg.az"aaçıqlamasına görə, Türkiyəyə qarşı ilk zərbə Əkrəm İmamoğlunun həbsi ilə başlayıb. Ekspert hesab edir ki, xristian mərkəzləri İmamoğlunun vasitəsilə Ərdoğanın hakimiyyətdən getməsi üçün keçirdikləri mitinqləri elə dövlət çevrilişinə cəhd idi:

“Avropanın xristian mərkəzləri Avropa İttifaqının və xüsusən də Fransanın rəhbərliyi ilə Türk dünyasına zərbə vurmağı bacardı. Avropa Birliyinin 12 milyard avroluq investisiyası qarşılığında üç türk dövləti: Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açır və üstəlik, anlaşmanın Türkiyə üçün xüsusilə ağrılı olan 4-cü bəndini imzalayaraq Türkiyənin Kiprdə işğalçı dövlət olduğunu təsdiq etdilər.
Düşünürəm ki, belə bir nəticədə Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin xüsusi rolu olub. Tokayevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmədova təsirini və danışıqların aparılmasında və Tokayevin nəticədə maraqlı olmasına heç bir şübhə yoxdur. Hələ 2022-ci ilin yanvarında Qazaxıstanda Prezident Tokayev Türk dünyasında böyük nüfuza malik, Türk dünyasının ağsaqqalı, müasir müstəqil Qazaxıstanın qurucusu, keçmiş Prezident Nursultan Nazarbayevi Moskvanın göstərişi və hərbi dəstəyi ilə faktiki hakimiyyətdən məhrum etdi. İndi də məlumdur ki, Tokayev tapşırıqlarını Moskvadan alır”.
Ekspert qeyd edi ki, Türk dünyasının güclənməsinə, Türk Dövlətləri Birliyinə qarşı Rusiya ilə bəzi Avropa ölkələri və Qərb xristian mərkəzləri və hətta İran eyni mövqedən çıxış edir:
“Bir-birinə düşmən olan qüvvələr Türk dünyasına qarşı birləşmək bacarığını qoruyub saxlayıb. Türk dünyasının güclənməsini, dirçəlməsini Rusiya tərkibində olan türk regionlarının ayılması qorxusu ilə özünün dövlətçiliyi üçün ciddi təhlükə hesab edir. Rusiyada son konstitusiya dəyişikliyindən sonra yerli, aborigen xalqların ruslaşdırılması, xristianlaşdırılması güclənib. Son statistik məlumatlara görə, Rusiyada ən çox dilindən və identik kimliyindən uzaqlaşan tatar və başurdlardır. Əslində, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq qərarı və Avropa İttifaqı həmin razılaşmanı imzalamaqla, bəlkə də, nəzərdə tutduğu Rusiyadan uzaqlaşma etmədi. Əksinə, Özbəkistan və Türkmənistan Türkiyə və Azərbaycandan uzaqlaşmaya getdi, yəni özlərini siyasi-diplomatik və hərbi meyda müdafiəsiz qoydu. Avropanın hələ bir dövlətə verdiyi zəmanət özünü nəinki doğrultmayıb, əksinə, həmin Avropa "zəmanəti" dövlətlərin suverenliyini, ərazi bütövlüyünün pozulmasını şərtləndirib. Gürcüstan, Ukrayna nümunəsi müasir və yaşadığımız tarixə aiddir. Rusiya tərəfindən Özbəkistanın, Türkmənistanın işğal olunması yolu açılır. Zatən Qazaxıstan isə Tokayev vasitəsilə Rusiyanın nəzarətindədir.
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin fevralında Prezident seçildikdən sonra ilk çıxışında bildirdi ki, bizim bir ailəmiz var, o da Türk ailəsidir.
Avropa özünün enerji təhlükəsizliyi üçün və Rusiyadan asılılığını aradan qaldırmaq üçün Asiya və Xəzəryanı ölkələrdən enerji resurslarına ehtiyacı var. Regiondan enerji daşıyıcılarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınması, həmçinin Azərbaycan və Türkiyə üzərindən mövcud infrastruktur vasitəsilə reallaşması Avropanın Azərbaycan və Türkiyədən, eləcə də Qazaxıstan, Özbəkistan, Türkmənistandan asılılığını yarada bilər. Olsun ki, TDT üzvləri strateji perspektivdə bu məsələni Türkiyə və Azərbaycanla razılaşdırıb. Qazaxıstan, Özbəkistan, Türkmənistanın məlum qərarından sonra Türkiyə və Azərbaycan müəyyən susqunluğu prosesin nəzarətdə olduğu kimi dəyərləndirilə bilər. Hər bir halda, məsələ ilə bağlı yekun qənaət, zənnimcə, bəlkə də hələ tələskənlik olardı”.