ABŞ-la İran arasında etimad böhranı hələ də aradan qalxmayıb - ŞƏRH

  • Bu isə Yaxın Şərqdə və ona yaxın regionlarda təhlükəsizlik mühitinin yaxın perspektivdə tam sabitləşməyəcəyindən xəbər verir

İran heç vaxt öhdəliklərinin pozulmasının təşəbbüskarı olmayıb. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Qürurla bildiririk ki, İran bütün danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları pozan ABŞ tərəfidir”, - deyə Bəqai bildirib.

Sözçü həmçinin qeyd edib ki, ABŞ əldə edilən bütün razılaşmaları tam şəkildə yerinə yetirməyə qayıdanadək İran da memorandum çərçivəsində öhdəliklərini yerinə yetirməyi dayandıracaq.

İran XİN sözçüsü İsmayıl Bəqainin bu açıqlaması Tehranın ABŞ-la münasibətlərdə uzun illərdir davam edən qarşılıqlı ittihamlar fonunda öz mövqeyini bir daha ortaya qoyduğunu göstərir. İran tərəfi hesab edir ki, nüvə proqramı və sanksiyalarla bağlı əldə olunan razılaşmaların pozulmasına görə əsas məsuliyyət Vaşinqtonun üzərinə düşür və buna görə də Tehran öz öhdəliklərini birtərəfli qaydada yerinə yetirmək niyyətində deyil.

Azərbaycan baxımından məsələ daha çox regional təhlükəsizlik və sabitlik kontekstində əhəmiyyət daşıyır. İranla Qərb arasında gərginliyin yenidən artması Cənubi Qafqazda geosiyasi rəqabəti gücləndirə, enerji bazarlarında qeyri-müəyyənliyi artıraraq regional iqtisadi proseslərə təsir göstərə bilər. Xüsusilə Azərbaycanın həm İranla qonşuluq münasibətləri, həm də Qərb ölkələri ilə strateji tərəfdaşlığı Bakının balanslaşdırılmış siyasət yürütməsini zəruri edir.

Rəsmi Bakı üçün əsas prioritet regionun yeni qarşıdurma meydanına çevrilməməsi, nəqliyyat-kommunikasiya layihələrinin və enerji ixrac marşrutlarının təhlükəsizliyinin qorunmasıdır. Son illər Azərbaycan beynəlxalq münasibətlərdə qarşıdurma tərəfi deyil, dialoq və əməkdaşlıq platforması kimi çıxış etməyə çalışıb. Bu baxımdan İran-ABŞ münasibətlərində yaranan hər bir gərginlik Azərbaycanın maraqlarına uyğun olmayan əlavə risklər yaradır.

Digər tərəfdən, Tehranın "ABŞ öhdəliklərinə qayıdana qədər İran da razılaşmaları icra etməyəcək" mesajı göstərir ki, tərəflər arasında etimad böhranı hələ də aradan qalxmayıb. Bu isə Yaxın Şərqdə və ona yaxın regionlarda təhlükəsizlik mühitinin yaxın perspektivdə tam sabitləşməyəcəyindən xəbər verir. Belə şəraitdə Azərbaycanın əsas strateji xətti regional sabitliyi dəstəkləmək, milli maraqlarını hər hansı geosiyasi qarşıdurmadan kənarda qorumaq və çoxşaxəli diplomatik əlaqələr vasitəsilə riskləri minimuma endirməkdən ibarət olacaq.