Anti-terror əməliyyatı QAPIDA: Vəziyyət gərginləşir

  "Ermənistan Azərbaycanın təklif etdiyi yollardan imtina etməklə məsələni siyasiləşdirir". Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Xarici işlər naziri Hadja Lahbib ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan hansısa bir yolun istifadəsindən deyil, bir neçə yolun istifadəsindən danışır və təklif edir. C.Bayramov vurğulayıb ki, hazırda dialoqa çağırış mühüm məqamdır: "Dialoqun keçirilməsi, xüsusi nümayəndənin təyin edilməsi önəmlidir. Biz hesab edirik ki, belə bir dialoqdan yayınma qeyri-konstruktiv yanaşma kimi qiymətləndirilməlidir". Nazir qeyd edib ki, Ermənistan son günlər təxribatların sayını artırıb.
  Millət vəkili Ceyhun Məmmədov deyib ki, proseslər onu göstərir ki, Ermənistan təxribatlarını davam etdirəcək. Deputatın sözlərinə görə, Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək üçün ardıcıl addımlar atır:
 "İrəvan hökuməti öz davranışları və addımları ilə Cənubi Qafqazda növbəti müharibənin və anti-terror əməliyyatlarının başlamasına zəmin yaradır. Azərbaycan hər vəchlə çalışır ki, bölgəyə sülh gəlsin və bunun üçün bütün zəruri addımları atır. Sonadək bu mövqeyimizi sürdürəcəyik. Problem isə odur ki, Ermənistan qərəzli və məqsədli şəkildə regionda gərginliyin, nifaqın, ədavətin artmasına yönəlik hərəkətlərə rəvac verir. Proseslərin bu cür cərəyan etməsi hərbi əməliyyatları qaçılmaz edir. Xüsusən, son günlər atəşkəsin davamlı pozulmasının, intensiv təxribatların sayı kəskin artmaqdadır. Bu da Ermənisanın sülh istəmədiyinin açıq-aşkar təzahürüdür. Təxribatların davam etməsi halında başqa addımları atmağa məcbur olacağıq".