Avqustun 10-da Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri arasında üçtərəfli görüş keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iştirak ediblər.
Görüş 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümü çərçivəsində baş tutub və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunub.
Tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı mövcud vəziyyəti və növbəti addımları müzakirə ediblər. Müvafiq razılaşmaların həyata keçirilməsinin irəlilədilməsi, eləcə də TRIPP-in maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunmasına töhfə vermək potensialının reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi də müzakirə olunub. Tərəflər əldə edilmiş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bundan başqa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı həyata keçirilməsinə xidmət edən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib.
Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürlərini bildirərək, əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.