BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

Azərbaycan regional əməkdaşlığın siyasi ambisiyadan praktiki icraya necə keçə biləcəyinin konkret nümunəsini təqdim edir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan üzrə Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə çıxışında deyib.

O bildirib ki, geosiyasi parçalanmalar mövcuddur, bu amil enerjinin necə bölüşdürüldüyünə, çatdırıldığına və bundan necə faydalandığımıza təsir edir:

"Bu baxımdan Azərbaycanın Qara dənizdən keçən sualtı kabel layihəsini planlaşdırması məni çox ruhlandırdı. Bu layihə Azərbaycan və Gürcüstanı Rumıniya vasitəsilə Avropanın elektrik enerjisi bazarına bağlamağı nəzərdə tutur. 2024-cü ildə layihə üzrə texniki-iqtisadi əsaslandırma tamamlanıb və daha sonra bu təşəbbüsün irəlilədilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə birgə müəssisə yaradılıb. Mənim üçün bu, ölkələrin necə qeyri-standart düşünə, bir-biri ilə əlaqə yarada və nəticədə hamının bundan faydalana biləcəyinə dair konkret nümunədir. Geosiyasi parçalanmaların mövcudluğuna baxmayaraq, bu, çox konkret bir təşəbbüsdür. Buna daha çox nümunə göstərmək olar".