Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilir

Xarici işlər naziri Ceyhun Bayramovla İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadin arasında geniştərkibli görüş keçirilir.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan–İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, eləcə də əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə Azərbaycan–İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində nazirlər Azərbaycan Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.

Nazirlər həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Regional məsələlərin müzakirəsi zamanı nazirlər Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçiriblər. Onlar mövcud böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayaraq, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan–Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqustunda keçirilmiş tarixi Vaşinqton Sammiti zamanı əldə olunmuş razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.