- Bu bazarda mövqe tutmaq Azərbaycanın ixrac potensialı olan məhsullarına əlavə gəlir gətirəcək
Azərbaycan və Çin arasında münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də göstərir ki, “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanmasından sonra əməkdaşlıq bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.
Dövlət başçısının sözlərinə görə, siyasi dialoq daha da intensivləşib, iqtisadi və investisiya əlaqələri genişlənib, Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti artıb, iri infrastruktur layihələri həyata keçirilir və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Prezident İlham Əliyev eyni zamanda diqqətə çatdırıb ki, tərəflər müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və təchizat sahələrində də qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirirlər. Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin genişləndirilməsi, eləcə də bərpaolunan enerji layihələrində Çin investisiyalarının və texnologiyalarının rolunun yüksəlməsi iki ölkə arasında strateji tərəfdaşlığın artıq konkret iqtisadi nəticələr verdiyini göstərir. Dövlət başçısının səsləndirdiyi bu mesajlar Azərbaycan–Çin münasibətlərinin təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regionun nəqliyyat, ticarət və enerji xəritəsinin yenidən formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını göstərir.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında qeyd edib ki, Çinin geosiyasi əhəmiyyəti get-gedə artmaqdadır:
“Hətta Çin bir çox sahədə ABŞ-ni belə geridə qoyub. Həmçinin məhsullarının dünya bazarına daşınması Çin üçün əhəmiyyətlidir. Ona görə vaxtilə “Bir kəmər, bir yol” layihəsini irəli sürürdülər ki, müxtəlif marşrutlarla – okean və quru yolları vasitəsilə məhsullarını dünyanın müxtəlif bazarlarına çatdıra bilsinlər. Bu istiqamətlərdən biri məhz Orta Dəhlizdir ki, Azərbaycandan keçir. Yəni Azərbaycandan Mərkəzi Asiyaya, Türkiyə, oradan da Avropaya uzanır. Bu, həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir. Orta Dəhliz iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirmək imkanı yaradır. Digər tərfədən siyasi münasibətlər yüksək səviyyədədir, qarşılıqlı səfərlər mütəmadi olaraq həyata keçirilir. Hətta Çin Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və hazırda əməkdaşlıq daha yüksək səviyyəyə yüksəlib. Çində Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir. Bu da Azərbaycan məhsullarının Çin bazarına ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Çin 1 milyard 400 milyondan çox əhalisi olan böyük bazardır. Bu bazarda mövqe tutmaq Azərbaycanın ixrac potensialı olan məhsullarına əlavə gəlir gətirə bilər. Həmçinin hərbi sahədə də əməkdaşlıq mümkündür. Çünki Çin son illərdə hərbi-sənaye kompleksini olduqca sürətlə inkişaf etdirib. Bu sahədə də hesab edirəm ki, əməkdaşlığımızın yaxşı perspektivləri var. Bu mənada Prezident İlham Əliyev mövcud vəziyyəti tam ortaya qoyub”.