Gürcüstan Qərb siyasətini rədd edir, Baş nazir Kobaxidze Rusiya və Çin istiqamətini seçdi
Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasındakı münasibətlər diplomatik müstəvidə dalana dirənib. Ölkənin Avropa inteqrasiyası yolunda geriləməsi və Qərb ölkələri ilə əməkdaşlıq mexanizmlərinin dayandırılması, tərəflər arasındakı gərginliyi daha da artırdı. Bu gərginlik xalqla, hakimiyyət arasında xarici siyasət istiqamətində fikir ayrılığına səbəb olub. Vətəndaşların 86 %-i Gürcüstanın Aİ-yə üzvlüyünü dəstəkləsə də, hökumət təhlükəsizlik, iqtisadi maraqlar və siyasi praqmatizm səbəbindən Avropadan çox Rusiya ilə əlaqələri ön planda saxlayır. 2023-cü il martın 7-də parlamentin “xarici agentlər” barədə qanun layihəsini qəbul etməsi isə xalqın səbr kasasını daşıran son həmlə oldu. Etirazçılar, qanunun demokratik dəyərlərə və azad cəmiyyətə zərər verəcəyini bildirərək, aksiyalar vasitəsilə hökumətə təzyiq göstərdilər. Bütün bu proseslərə baxmayaraq, Baş nazir İrakli Kobaxidze Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər dayandırdıqlarını açıqladı. Bu qərar Avropa Komissiyasının sərt tədbirlə cavab verməsinə səbəb oldu. AK, rəsmi şəkildə Gürcüstan diplomatları üçün 2027-ci il martın 6-dək vizasız rejimi dayandırdı. Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas isə bu günki açıqlamasında, Gürcüstan hökumətinin düzgün istiqamətdə getmədiyini bildirərək, mövcud vəziyyətlə bağlı növbəti addımları nəzərdən keçirdiklərini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Gürcüstan ilə Avropa İttifaqı arasındakı əlaqələr siyasi “komaya” vəziyyətindədir:
“Avropa İttifaqının Gürcüstanda müxalif qüvvələrə, vətəndaş etirazlarına və hakimiyyətlə açıq siyasi qarşıdurma yaşayan sabiq prezident Salome Zurabişviliyə dəstək verməsi, rəsmi Tbilisi ilə Aİ arasında dərin siyasi çat yaradır. Ölkənin Baş naziri İrakli Kobaxidze, Aİ-yə qarşı sərt və tənqidi açıqlamaları ilə tanınır. O, Gürcüstanın siyasi xəttinin Avropa istiqamətindən fərqli olaraq, Çin və Rusiya ilə qurulan yeni geosiyasi balans üzərində formalaşdırılacağını bildirmişdi. Avropa Komissiyasının, Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırması tərəflər arasındakı siyasi gərginliyi daha da artırdı”.
Analitikin sözlərinə görə, mövcud vəziyyətdə Kaya Kallasın açıqlamalarına əsasən heç bir dəyişiklik baş verməyəcək:
“Gürcüstan höküməti, artıq Avropa İttifaqı rəsmilərinin mövqeyindən asılı olmayaraq öz siyasi kursunu seçib. Aİ-nin Gürcüstana “Avropa Sülh Təşəbbüsü” çərçivəsində ayrılan dəstəyi və müdafiə nazirliyinə təyin edilmiş 30 milyon avroluq hərbi yardımı kəsməsi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirdi. Hətta Avropa İttifaqı diplomatlarla yanaşı, Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırsa belə, ölkənin siyasi mövqeyi dəyişməyəcək. Artıq dünya siyasəti elə bir dönəmə çatıb ki, Avropa İttifaqı ciddi oyunçu kimi qəbul olunmur”.
T.Rzayev qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya tərəfindən ikrahla qarşılanan Aİ, digər ölkələrin maraq dairəsində də yer tutmayacaq:
“Belə bir məqamda Gürcüstan hökumətinin də əlinə fürsət keçib ki, Avropa İttifaqının dediklərini ciddi qəbul etməsin. Beş il öncə, Avropa İttifaqı, ABŞ ilə paralel hərəkət etdiyinə görə tənqid olunması çətin idi. Bu gün isə təşkilat öz siyasi çəkisini itirməyə başlayıb. K.Kallasın açıqlamaları da Gürcüstan höküməti tərəfindən ciddiyə alınmır. Son proseslər göstərir ki, Gürcüstan ikili balans siyasətini davam etdirmək istəmir. Bu səbəbdən Baş nazir postuna Qərbin siyasi diskursunu tənqid edən İrakli Kobaxidze gətirilib. Onlar açıq şəkildə siyasətlərinin Rusiya və Çin istiqamətində olduğunu bəyan edərək, Avropaya möctac olmadıqlarını ortaya qoydular. Nəticə etibarilə, Gürcüstanın Qərblə münasibətləri kritik qırılma həddinə yaxınlaşıb”.