Azər Həsrət: Biz inteqrasiya edirik, daha da yaxınlaşırıq, bir oluruq, iri oluruq və diri oluruq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri 2 ölkə arasında səmimi qardaşlıq və strateji müttəfiqləyin növbəti bariz nümunəsidir. Məlumdur ki Azərbaycanla Özbəkistan arasında daim qarşılıqlı mehriban münasibətlər olub. Azərbaycanın ərazi bütövüyü müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücayəti ilə bərqərar olduqdan sonra Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq prosesində yaxından iştirak edir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Özbəkistana növbəti səfərinin siyasi əhəmiyyətini vurğuladı:

- Özbəkistan Azərbaycan üçün çox yaxın və qardaş ölkədir. Bu ölkə, həqiqətən də, bütün anlamlarda Azərbaycanla qardaşlıq münasibətləri qurur. Hər şeydən əvvəl, tariximizin ən çətin dövrlərindən birində - Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Özbəkistan Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun altını xüsusilə vurğulayıram. İkinci tərəfdən, Özbəkistanı kifayət qədər yaxşı tanıyan bir insan kimi deyə bilərəm ki, oranın insanları bizə çox doğma və yaxındırlar. Azərbaycanı çox sevirlər. Hətta sağlığında ulu öndər Heydər Əliyevə böyük sevgi və rəğbət bəsləyirdilər. Heydər Əliyev dünyasını dəyişdikdən sonra da Özbəkistanda ona olan sevgi və hörmət dəyişməyib. Bu gün də Prezident İlham Əliyevi, o cümlədən Özbəkistanın rəhbərliyini və Azərbaycanı Özbəkistan xalqı çox sevir və yüksək qiymətləndirir. Ümumiyyətlə, Özbəkistanda Azərbaycan adı gələndə insanların böyük sevinc hissi keçirdiyini görmək mümkündür. Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var. Təbii ki, belə bir fonda Prezident İlham Əliyevin növbəti dəfə Özbəkistana dövlət səfərinə getməsi bu ölkə üçün böyük hadisədir. Bu, Özbəkistan üçün sadəcə xarici ölkə rəhbərinin dövlət səfəri deyil. Bu, qardaşın qardaşa qonaq gəlməsidir. Bu, hər kəsin arzu etdiyi və görmək istədiyi bir liderin ölkəyə təşrif buyurmasıdır. Özbəkistanda həm insanlar, həm də dövlət bu məsələyə məhz belə yanaşırlar. Əlbəttə, Özbəkistan Orta Asiyanın əhali baxımından ən böyük dövlətidir. Faktiki olaraq, 37 milyondan çox əhalisi olan Özbəkistandan danışırıq. Azərbaycanın əhalisindən təxminən 3,5 dəfə çoxdur. Ərazisi də kifayət qədər böyükdür - təxminən yarım milyon kvadratkilometrdir. Bütün bunlar mühüm amillərdir. Bundan əlavə, Özbəkistan iqtisadiyyatı kifayət qədər sürətlə inkişaf edir. Azərbaycanda Özbəkistan investisiyaları, Özbəkistanda isə Azərbaycan investisiyaları var. Ölkələrimiz arasında əməkdaşlıq getdikcə daha da dərinləşir. Düşünürəm ki, bu səfərdən sonra münasibətlərdə yeni səhifə açılacaq və bu səhifə iki ölkə arasındakı əlaqələri daha sürətli şəkildə irəli aparacaq. Yəni həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır. Mən düşünürəm ki, bu mərhələdə iki ölkənin hərbi sahədə də yaxınlaşmasını gözləməliyik. İki dövlətin artıq hərbi cəhətdən də yaxınlaşması real addımlarla daha da irəli aparıla bilər. Biz inteqrasiya edirik, daha da yaxınlaşırıq, bir oluruq, iri oluruq və diri oluruq.