İmdad diləyən ermənilər oyuncağa çevrilib! - ŞƏRH

Ermənistan o dövlətlərin əlində alətdir

Fransa, İran və Hindistan kimi ölkələr cəhd göstərirlər ki, Zəngəzur dəhlizi açılmasın

  Avqustun 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın paytaxtı Dehliyə işgüzar səfərə gedəcək. Qriqoryan Dehlidə Hindistan Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Dovalla görüşəcək. Xatırladaq ki, Hindistan son zamanlarda Ermənistanı Azərbaycana qarşı silahlandırması ilə gündəmdədir. Ermənistanın Hindistandan aldığı silah və hərbi texnika İran vasitəsilə ölkəyə daşınır. Görüntülər Təbriz-Mərənd yolunda qeydə alınıb. Bundan öncə də Hindistandan alınan silahların İrandan daşındığını əks etdirən görüntülər yayılmışdı. Bu arada Ermənistan və Hindistanın gömrük sahəsində əməkdaşlıq edəcəyi də açıqlanıb. Məlumata görə, müvafiq beynəlxalq Ermənistan hökuməti tərəfindən təsdiqlənib və ratifikasiya olunmaq üçün parlamentə gedəcək.
  Politoloq Tofiq Abbasov "Sherg.az"a deyib ki, Ermənistan Rusiya, Fransa, İran və Hindistan kimi ölkələrin əllərində alətdir. Analitikin sözlərinə görə, bu ölkələr heç də erməniləri fikirləşmirlər, sadəcə onların vasitəsi ilə öz maraqlarını reallaşdırmağa çalışırlar: 
"Fransa, İran və Hindistan kimi ölkələr cəhd göstərirlər ki, Zəngəzur dəhlizi açılmasın. Cənubi Qafqaz bölgəsində gərginlik daim qalsın, sabitlik olmasın. Həmin ölkələrin regionda öz maraqları var və nəqliyyat dəhlizləri ilə bağlı yanaşması tam fərqlidir. Hindistan çalışır ki, özünəməxsus dəhlizi reallaşsın. Yüklər Hind okeanından İran vasitəsilə Fars körfəzinə, oradan da Azərbaycan yox, Ermənistan ərazisi ilə Gürcüstana və Qara dəniz vasitəsi ilə Avropaya çıxarılsın. İranla da bu barədə sövdələşmə var. Fransa da buna "hə" deyir. Görürük ki, bu ölkələr funksional düşüncəyə zidd gedərək qeyri-imkansızı mümkün etməyə çalışırlar. Hamıya bəllidir ki, tranzit yol və keçid üçün Azərbaycan ərazisi ən optimal variantdır. Ölkəmizdə sabitlik var, təhlükəsizlik bərpa olunub. İstənilən dövlət üçün keçid verməyə, kommunikasiyalarımızı istifadəyə açmağa hazırıq. Ancaq əfsuslar ki, bəzi ölkələr qərəzli şəkildə Azərbaycanı kənarlaşdırmağa çalışırlar. Ermənistanı da alver predmetinə çeviriblər. Bu ölkənin suverenliyi mifikdir, öz hüquqlarından istifadə edə bilmədikləri üçün kimlərəsə yarınmağa çalışırlar. Fərqində deyillər ki, imdad diləndikləri ölkələr erməniləri əllərində oynadırlar. Əgər Ermənistana həqiqətən ürəkləri yanırsa, ilk növbədə bu ölkəni bataqlıqdan çıxartmaq üçün çalışmalıdırlar. Ancaq İrəvana dəstəyin mahiyyəti odur ki, Ermənistan bölgədə gərginliyi daha da artırsın, müharibəyə şərait yaratsın. Əlbəttə, bu, yolverilməzdir və buna imkan verməyəcəyik".