- Tural İrfan: "İranın dini-siyasi ideologiyası təkcə Qərb üçün deyil, bütün Şərq üçün təhlükədir"
ABŞ-nin Respublikaçılar Partiyasından senatoru Tim Şihi Senatda çıxışı zamanı İranın dini-siyasi ideologiyasının yayılması ilə bağlı xəbərdarlıq edib.
O, İranın 47 il əvvəl ABŞ-yə qarşı müharibəyə başladığını və bunu Vaşinqtonun bitirəcəyini bildirib: “İndi bu problemin həll olunmasının vaxtıdır, amerikalıların növbəti nəsli belə qəddar və amansız düşmənlə döyüşmək məcburiyyətində qalmamalıdır”.
Şihi qeyd edib ki, bu gün ABŞ-nin üz-üzə qaldığı İran rejimi anlaşma istəmir:
“Onlar kimin lehinə səs verdiyinizə, necə ibadət etdiyinizə və ya harada yaşadığınıza önəm vermirlər, hamımızı öldürmək istəyirlər. Bunu təkcə demirlər, edirlər, artıq 47 ildir bunu davam etdirirlər”.
Senator vurğulayıb ki, bu müharibə 47 il əvvəl ekstremist və terrorçu bir qrup tərəfindən başlanıb. Onun sözlərinə görə, həmin qrup zorakılıq yolu ilə hakimiyyəti ələ keçirib və ölkənin böyük neft ehtiyatlarından xalqın rifahı üçün yox, öz ideologiyasını yaymaq üçün istifadə edib. Şihi əlavə edib ki, İranın radikal ideologiyası təkcə Bəsrə körfəzi və ya İsraillə məhdudlaşmır: “Onlar bunu hər yerdə etmək istəyirlər. Bu, qlobal ekstremist ideologiyadır”.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a bildirib ki, İranın İslama yad olan, özünün milli və siyasi maraqlarını ehtiva edən dini-siyasi ideologiyası nəinki Qərb üçün, ümumiyyətlə bütün Şərq üçün də ciddi təhlükə hesab olana bilər: “İndiyədək təqdim olunan mənzərə reallığı tam əks etdirmir. İran İslam amilindən daha çox siyasi örtük kimi istifadə edir. Məqsəd isə bu dini identiklik vasitəsilə müsəlman ölkələrində təsir imkanlarını genişləndirmək və öz geosiyasi maraqlarını həyata keçirməkdir. İnsanlığa qarşı sionizm qədər təhlükə saçan bu ideologiya hər şeydən öncə müsəlmanlara və İslama qarşıdır. Dini təhrif edərək, siyasiləşdirib istədiyi istiqamətdə məkirli maraqlarına alət edirlər və İsraildən düşmən obrazı yaradıb əslində Yaxın Şərqdəki durumu daha da gərginləşdirirlər. Əgər indiki İran rejimi olmasaydı Fələstin problemi çoxdan həll olunmuşdu. Bölgədə silahlı qruplar yaradaraq İsrailə süni təhdid görüntüsü yaradıb əslində bu dövlətin güclənməsinə, silahlanmasına, özünün proksilərinin olduğu ölkələri isə xaosa soxmağa nail olub. Livan və Suriya buna nümunə ola bilər. İranın mövcud olduğu ölkələr sonda ya İsrailin ya da ABŞ-ın nəzarətinə keçib. İraq buna misal ola bilər. Fələstin xalqına heç bir üstünlük qazandırmayıb, əksinə Həması qızışdırıb İsrailə hücum təşkil etməklə (məqsəd İranı ABŞ və İsrailin hədəfdən yayındırıb nüvə silahına sahib olmaq üçün fürsət əldə etmək idi) 80 minə yaxın müsəlmanın qanına bais olub. Hazırda Qəzza da İsrailin nəzarətindədir. İranın hazırkı siyasi - dini ideoloji xətti bütün bəşəriyyətə qarşıdır və insanlıq əleyhinə istənilən qatı cinayətə rəvac verir. Öz xalqına qarşı xüsusi amanzlıqla törədilmiş ağır cinayətlər silsiləsi buna misaldır. Bu baxımdan ABŞ siyasilərinin müəyyən narahatlıqları anlaşılandır”.
T. İrfan qeyd edib ki, dünyada hazırda iki təhlükəli ideologiya üzərində qurulmuş iki dövlət - İsrail və İran Yaxın Şərqdəki münaqişəni əbədiləşdirirlər:
“İranın ideoloji xətti ilə İsrailin sionizmi üçün sülh yaddır. Bu ideologiyalar yalnız müharibə, qan, işğal, genosidi təmsil və tərənnüm edir. Lakin ABŞ İsrailin ideoloji xəttinə toxunmadan yalnız İranın ideoloji xəttini hədəf götürürsə bu ədalətsiz yanaşmadır və birtərəfli mövqedir. Sionizmlə İranın dini-siyasi ideologiyası bir medalyonun iki üzüdürlər. Əgər İran ABŞ və Qərb üçün təhdiddirsə İsrail bütün Yaxın Şərq üçün problem yaradır. İranı mövcud zərərli siyasətdən əl çəkməsi üçün İsrail bəhanəsi aradan qalxmalıdır. İsrail və İran bir-birini qəddarlaşdıran, silahlandıran iki rəqiblərdir. Biri digərini yaşadır, gücləndirir, silahlanmasına zəmin yaradır. Əgər İsrailə qaşın üstə gözün var demədən yalnız İranı hədəf götürsələr, rejim çöksə belə ideologiya yaşayacaq və ABŞ üçün daha ciddi təhlükələr saçan terror və başqa qurumlar yaranacaq. Odur ki, problemin həlli yolu hər iki tərəflə bağlıdır. Məsələni təkcə İranla bağlamaq yanlışdır”.