Türkiyənin ana müxalifət partiyası olan CHP-də (Cümhuriyyət Xalq Partiyası) yaşanan gərginlik ölkənin siyasi gündəmini dəyişib. Partiyadaxili böhranın yaratdığı yeni siyasi reallıq, Özgür Özəlin 90 millət vəkili ilə birlikdə CHP-dən ayrılaraq Yeni Partiyanı yaratmasının ardından müxalifətin prezident seçkilərinə hansı strategiya ilə gedəcəyi, vahid namizəd məsələsi və mümkün ittifaqlar əsas müzakirə mövzularına çevrilib.
Sherg.az xəbər verir ki, ABŞ-da yaşayan politoloq Zaur Bayramlı yaranmış siyasi vəziyyəti dəyərləndirərək müxalifətin prezident seçkiləri ilə bağlı mümkün ssenarilərini şərh edib. Politoloq hesab edir ki, əgər Mansur Yavaş CHP-də qalmaq məsələsində Özgür Özellə razılığa gəlibsə, böyük ehtimalla CHP-nin prezidentliyə vahid namizədi olması məsələsində də Kemal Kılıçdaroğlu ilə ortaq məxrəcə gəlinib.
Onun sözlərinə görə, Mansur Yavaşın CHP-nin prezidentliyə namizədi olması durumunda Yeni Partiya seçkidə iştirak imkanı olmayan Ekrem İmamoğluya boşuna ümid bəsləməkdənsə, Mansur Yavaşın namizədliyini dəstəkləyər:
" Eyni zamanda təkbaşına, hətta ikisi bir ittifaq daxilindən namizəd çıxarmaları halında belə qalib gəlmək şansları olmayan Zafer və İYİ partiyaların da Mansur Yavaşın namizədliyinə dəstək vermək ehtimalları çox yüksəkdir. Zatən Mansur Yavaş seçilməsi durumunda partiya nişanını çıxararaq, tərəfsiz cümhurbaşqanı olaraq yoluna davam edəcək. Mansur Yavaş prezident seçildikdən sonra CHP, Yeni Partiya, İYİ və Zafer Partiyalarının milli kadrlarından ibarət gözəl bir komanda formalaşdıra bilər. Muharrem İnce faktorunu da gözardı etmədən deyə bilərəm ki, bu ssenarinin baş tutması durumunda İnce, CHP-nin cümhurbaşqanı köməkçisi (vitse-prezident) namizədi olacaq. Burda bir tək əngəl, Özgür Özelin də ətrafının qazına gələrək, öz namizədliyini irəli sürməsi ola bilər. Bu durumda avtomatik olaraq müxalifətin səsləri parçalanacaq və Türkiyə yenə də liderləri getdikcə fiziki və əqli sağlamlıqları zəifləyən AKP-MHP cütlüyünün idarəsində yeni və daha böyük faciələrə sürüklənəcək. Mansur Yavaş MHP və AKP içindən xeyli səs ala biləcək yeganə namizəddir".