Bundan sonra ordunun modernləşməsi daha da sürətlənəcək
Dünyada baş verən geosiyasi təlatümlər fonunda və Cənubi Qafqazda yeni münasibətlərin formalaşmağa başladığı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparıldığı bir mərhələdə Azərbaycan-NATO əməkdaşlığının perspektivlərinin gündəmə gəlməsi mühümdür. NATO nümayəndə heyətinin Azərbaycana səfərinin baş tutması onu göstərir ki, Azərbaycan NATO-ya üzvlük istiqamətində xüsusi səy göstərməsə də, ölkəmizlə bu nəhəng hərbi alyans arasında regional inkişaf, qlobal sülh, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri gündəmdədir. Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biridir. Bu kontekstdə cənab Prezident də qonaqlarla söhbət əsnasında ölkəmizin alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğuladı. Dövlət başçısı NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Azərbaycan hərbçilərinin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiklərini bildirdi.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, bütün bunlar NATO-Azərbaycan münasibətlərinin perspektivlərinin böyük olduğunu düşünməyə əsas verir. Ekspert vurğulayıb ki, qlobal sülhməramlı əməliyyatlarda yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı Şimali Atlantika Alyansı ilə birgə mübarizə aparmaq istiqamətində də böyük potensiala malikdir:

"44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradan və həlledici söz sahibinə çevrilən Azərbaycanın istər regional, istərsə də qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi NATO-nun diqqət mərkəzindədir. Bu hərbi alyans ölkəmizin bütövlükdə sabitliyə və təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirir. Hazırda Azərbaycan-NATO əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək. Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Əməkdaşlıq müddətində ölkəmiz çoxsaylı müxtəlif təyinatlı təlimlərdə, proqramlarda uğurla iştirak edib, qlobal sülhü dəstəkləmə missiyalarına öz töhfəsini verib. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, NATO nümayəndə heyətinin ölkəmizə səfərinin nəticələri hər iki tərəf üçün faydalı və uğurlu olacaq. Azərbaycan-NATO əlaqələrinin yeni mərhələyə keçməsi əməkdaşlığımızın genişləndirilməsi üçün daha böyük perspektivlər açır".