İtaliya Azərbaycanı strateji tərəfdaş dövlət kimi qiymətləndirir - ANALİZ

"Aprel ayından etibarən Avropa liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində və təminatında tutduğu mühüm rolu, eyni zamanda, strateji mövqeyini bir daha nümayiş etdirir". 

Bunu Sherg.az-a Siyasi şərhçi Elmir Səftərov deyib.

O, bildirib ki, Ciorcia Meloninin Azərbaycana səfəri fonunda Azərbaycan–İtaliya münasibətlərinin çoxölçülü strateji tərəfdaşlıq mərhələsinə keçdiyi aydın görünür:

"​Məlumdur ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində əsas təminatçılardan biridir və bu əməkdaşlıq yalnız neft-qaz satışı ilə məhdudlaşmır, daha genişmiqyaslı layihələri əhatə edir. Bu kontekstdə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı İtaliyaya nəql olunur və ümumilikdə Avropaya qaz ixracının artmasına imkan yaradır. Azərbaycan qazı İtaliya vasitəsilə Avstriya və Almaniya kimi ölkələrə də çatdırılır ki, bu da İtaliyanın Cənubi Avropa üçün enerji mərkəzi rolunu gücləndirir. Ümumilikdə 2025-ci il ərzində Azərbaycan tərəfindən İtaliyaya təxminən 9,6 milyard kubmetr qaz ixrac edilib. Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə Azərbaycandan İtaliyaya 50 milyard kubmetə yaxın qaz nəql olunub. Bu göstəricilər Azərbaycanın Avropanın enerji təminatında artan rolunu bir daha təsdiqləyir. ​Azərbaycan İtaliya üçün neft ixracı sahəsində də mühüm tərəfdaşdır və əsas tədarükçülər sırasında birinci yerdədir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən iri layihələrdə İtaliya şirkətləri fəal iştirak edir və bir çox hallarda aparıcı mövqe tutur. İqtisadi əlaqələr dinamik inkişaf edir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsində mühüm paya malikdir. İtaliyanın Azərbaycandakı birbaşa investisiyaları yüz milyonlarla dollar səviyyəsinə çatıb. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən İtaliyada həyata keçirilən investisiya portfeli milyardlarla dollarla ölçülür".

​Analitik qeyd edib ki, İtaliya Azərbaycanı strateji tərəfdaş dövlət kimi qiymətləndirir:

" Bu yanaşmanın əsasında Azərbaycanın zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və beynəlxalq tranzit yollarının ölkə ərazisindən keçməsi dayanır. Xüsusilə Orta Dəhlizin əsas marşrutunun Azərbaycandakı logistik qovşaqlardan keçməsi ölkənin mərkəzi tranzit rolu daha da gücləndirir. Enerji təhlükəsizliyi məsələləri İtaliya üçün olduqca prioritetdir və bu sahədə Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Məhz bu amillər son illərdə Azərbaycan ilə Avropa ölkələri arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yarayıb. ​Cənubi Qafqaz regionunda İtaliyanın daha rasional və iqtisadi yönümlü siyasət yürütməsi onu digər Avropa ölkələrindən fərqləndirir. Bu yanaşma İtaliyanın regionda daha konstruktiv və balanslı rol oynamasına imkan verir. Ciorcia Meloninin Ermənistandakı toplantıdan sonra Azərbaycana səfər etməsi də İtaliyanın diplomatik balans siyasətinin göstəricisidir. Bundan əlavə, əməkdaşlıq humanitar və mədəni sahələri də əhatə edir. Təhsil, dizayn və texnologiya sahələrində birgə layihələr əlaqələrin daha da dərinləşməsinə töhfə verir. ​Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı və ümumilikdə Qərb ölkələri Rusiyadan enerji asılılığını azaltmağı əsas strateji hədəf kimi müəyyənləşdiriblər. Bu prosesdə Azərbaycan "kilid" ölkə kimi çıxış edir. Yaxın Şərq regionunda davam edən qeyri-sabitlik, habelə Hörmüz boğazı ətrafında və qlobal ticarət marşrutlarında müşahidə olunan risklər fonunda Azərbaycanın uzunmüddətli sabitliyi və etibarlı tərəfdaşlıq modeli onu daha da cəlbedici edir".