- Görünən odur ki, erməni kilsəsinin dindarları cəmiyyəti sülhə, barışa deyil, qarşıdurmaya aparırlar
Ermənistanda bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopa qarşı iş üzrə məhkəmə prosesi ötən həftədən etibarən başlayıb. Ermənistan mediasının məlumatına görə, məhkəmə iclası qapalı keçirilir. Məhkəmə nələri üzə çıxara biləcək, bunu zaman göstərəcək.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirdi ki, kilsənin ermənilər üçün dini məbədgah deyil, daha çox qara siyasətlərinin, terror planlarının hazırlandığı məkan olduğu məlum həqiqətdir. Lakin məhkəmə prosesinin gedişatı hansı qaranlıq məqamlara aydınlıq gətirəcək, izləyib görəcəyik: 
- Müqəddəs kitablarda qeyd olunduğu kimi, bütün dinlər sabitliyə, əmin-amanlığa, insanlar arasında zorakılığın aradan qaldırılmasına səslədiyi halda, erməni kilsəsi ötən dövr ərzində cəmiyyəti zorakılığa sürükləyib. Hər zaman erməni kilsəsinin dini pərdə adı altında terrorla məşğul olması faktı ilə bağlı yetərincə sübutlar mövcuddur. Qriqoryan kilsəsinin qəbul etdiyi qərarları erməni diasporu hər zaman böyük həvəslə icra edib. Görünən odur ki, erməni kilsəsinin dindarları cəmiyyəti sülhə, barışa deyil, qarşıdurmaya aparırlar. Erməni Qriqoryan kilsəsi həmişə Türk dünyasına qarşı böyük nifrət, qəzəb püskürüb. Nəhayət ki, ya zəlzələdən, ya vəlvələdən Ermənistanın indiki baş naziri N.Paşinyan öz hakimiyyətinin təhlükəsizliyi naminə bu, acı reallığı dərk edib kilsəni dövlət siyasətindən uzaqlaşdırır. Görünən odur ki, II Qaregin və altı yepiskopa qarşı iş üzrə məhkəmə prosesi bu təmizləmə siyasətinin tərkib hissəsidir. Ötən il Nikol Paşinyan sosial şəbəkə hesabında II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var iddiaları ilə çıxış etməsi ciddi qarşıdırmaların başlanğıcından xəbər verirdi. O baxımdan belə məhkəmələrin baş verməsi gözlənilən idi. Bütün hallarda hay məmləkəti başçısının II Qaregindən və ümumilikdə kilsənin qara siyasətindən qurtulmaq xətti tutduğunu görürük. Diqqətdə saxlayıb görək, II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə, ağır cinayətlərə işıq salacaqmı?