Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH

  • Qarşıdakı aylarda Ermənistanın iqtisadi maraqları ilə siyasi prioritetləri arasında hansı seçimə üstünlük verəcəyi həm ölkədaxili proseslərə, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsinə birbaşa təsir göstərəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında iki ölkə arasında iqtisadi münasibətlərdə yaranmış problemləri və Avropa İttifaqına üzvlüklə bağlı referendum məsələsini müzakirə edib.

Sherg.az xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, Paşinyan Rusiya bazarına erməni mənşəli məhsulların ixracına tətbiq olunan məhdudiyyətlərin Ermənistan-Rusiya sazişlərinə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) normalarına zidd olduğunu bildirib və problemin həlli üçün tədbirlər görülməsini istəyib.

Paşinyan həmçinin qeyd edib ki, Avropa İttifaqına üzvlüklə bağlı referendum yalnız Ermənistanın Aİ-yə rəsmi müraciət etməsindən və bu məsələnin daha konkret mərhələyə keçməsindən sonra keçirilə bilər. O, İrəvanın bütün mübahisəli məsələləri açıq, tərəfdaşlıq və dostluq ruhunda dialoq yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.

Kremlin açıqlamasında isə bildirilib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Vladimir Putin Aİİ sammitində qəbul edilən birgə bəyanata sadiqliyini ifadə edərək, Ermənistanda Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi ilə bağlı ümumxalq referendumunun mümkün qədər qısa müddətdə keçirilməsinin vacibliyini qeyd edib.

Paşinyanın Putinlə telefon danışığı Ermənistanın son aylarda Qərblə yaxınlaşma siyasəti fonunda Moskva ilə münasibətlərdə yaranan gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilir. Xüsusilə Rusiya bazarında erməni məhsullarına tətbiq edilən məhdudiyyətlər İrəvan üçün ciddi iqtisadi risk yaradır. Çünki Ermənistan ixracının böyük hissəsi hələ də Rusiya bazarından asılıdır.

Avropa İttifaqına üzvlüklə bağlı referendum məsələsində Paşinyanın ehtiyatlı mövqe nümayiş etdirməsi də təsadüfi deyil. Baş nazir referendumun yalnız Aİ-yə rəsmi müraciətdən sonra mümkün olacağını vurğulamaqla həm Moskvanın təzyiqlərini yumşaltmağa, həm də daxili siyasi balansı qorumağa çalışır.

Kremlin referendumun qısa müddətdə keçirilməsi ilə bağlı israrı Ermənistanın geosiyasi seçim etməsinə yönəlmiş siyasi mesajdır. Rusiya İrəvanın Avropa İttifaqına inteqrasiyasını Avrasiya İqtisadi İttifaqının gələcəyi üçün təhlükə hesab edir və bu prosesi mümkün qədər ləngitməyə çalışır.

Nəticə etibarilə, Paşinyan hökuməti hazırda iki fərqli geosiyasi mərkəz – Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır. Qarşıdakı aylarda Ermənistanın iqtisadi maraqları ilə siyasi prioritetləri arasında hansı seçimə üstünlük verəcəyi isə həm ölkədaxili proseslərə, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsinə birbaşa təsir göstərəcək.