Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY

  • Hikmət Babaoğlu: “Hər bir millətin ən mühüm immuniteti onun milli düşüncəsi, milli özünüdərki, milli ləyaqəti və milli qürurudur”

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçdiyi inkişaf yolunun qiymətləndirilməsi deyil, həm də gələcəyə hesablanmış siyasi və ideoloji mesajlar kimi diqqət çəkib. Dövlət başçısı 23 ilə yaxın prezidentlik fəaliyyəti dövründə ölkənin keçdiyi yolu xatırladaraq, işğal illərində keçmiş məcburi köçkünlərə ünvanladığı çağırışlardan, Vətən müharibəsi və postmünaqişə dövründə cəmiyyətə verdiyi mesajlardan, milli həmrəyliyin və dövlətə inamın əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın əldə etdiyi uğurların əsasının öz gücünə arxalanmaq, milli birlik və qətiyyət olduğunu vurğulayaraq, dəyişən beynəlxalq şəraitdə ölkənin müstəqilliyinin, milli kimliyinin və dövlət maraqlarının qorunmasının daim prioritet olaraq qalmalı olduğunu bildirib. Prezidentin çıxışında xüsusilə gənc nəslə ünvanlanan çağırışlar, milli kimliyin, milli ləyaqətin və vətənpərvərlik ruhunun qorunmasının gələcək inkişaf üçün əsas şərtlərdən biri kimi təqdim olunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı işğalı da, zəfəri də, bu gün davam edən bərpa və dirçəliş prosesini də yaşayıb və bu təcrübə cəmiyyətin gələcək strateji seçimlərinə istiqamət verməlidir.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirb ki, Şuşa Qlobal Media Forumu artıq dördüncü dəfə keçirilir və ənənə halını alıb:

“Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin verdiyi mesajlar qlobal media, region ölkələri və xarici düşüncə mərkəzləri tərəfindən maraqla qarşılanır. Azərbaycan Prezidenti bu dəfə Şuşada sülh, inteqrasiya və əməkdaşlıq mesajları verdi. Eyni zamanda Azərbaycanın daxili auditoriyası üçün mühüm məsələlərə toxundu və vacib mesajlar səsləndirdi. Həmçinin dövrün aktual məsələləri və problemləri ilə bağlı da mühüm fikirlərini bölüşdü. Onlardan biri informasiya təhlükəsizliyi ilə bağlı idi. İnformasiya təhlükəsizliyi bu gün təkcə milli dövlətləri və ayrı-ayrı xalqları deyil, bütövlükdə çoxsaylı dövlətlərin və xalqların təhlükəsizliyini təhdid edir”. 

Parlamentari qeyd edib ki, hər hansı bir təhdidə qarşı ən güclü immunitet milli birlik, intellektual düşüncə tərzi və ictimai savadlılıqdır:

“Azərbaycan Prezidenti də məhz bunu vurğulayırdı. Dünya siyasətinə diqqət etsək və informasiyanın hər gün daha çox əhəmiyyət qazandığını nəzərə alsaq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik kimi məsələlərin gələcək nəsillər üçün də aktual problem olaraq qalacağını görərik. Ona görə də burada hər bir millətin ən mühüm immuniteti onun milli düşüncəsi, milli özünüdərki, milli ləyaqəti və milli qürurudur. Məhz bu xüsusiyyətlər bir xalqı xalq, milləti millət edən əsas komponentlərdir. Bu baxımdan, istər informasiya, istərsə də digər təhlükələrə qarşı müqavimətdə də həmin keyfiyyətlər ön plana çıxır. Azərbaycan Prezidenti də gənc nəslin milli ruhda tərbiyə olunmasının vacibliyini bir daha qeyd etdi”.