"Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər, o cümlədən ikitərəfli geniş sənədlər paketi imzalanıb”.
APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Özbəkistan Xarici İşlər Nazirliyinin departament rəhbəri Amir Sultanov deyib.
Özbəkistan XİN rəsmisi bu sənədlərin arasında xüsusi olaraq Əbədi dostluq haqqında Müqaviləni göstərib.
Amir Sultanov qeyd edib ki, səfər çərçivəsində mühüm iqtisadi sənədlər də imzalanıb:
“Bunlar, ilk növbədə, əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramı, həmçinin investisiya layihələrinin həyata keçirilməsi üzrə Yol Xəritəsidir”.
O bildirib ki, əsas sosial əhəmiyyətli sənəd kimi iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin edilməsinə yönəlmiş Pensiya təminatı haqqında Sazişi də qeyd etmək olar:
“Bu sənəd iki ölkə vətəndaşlarına pensiyaların hesablanması, yenidən hesablanması və ödənilməsi üzrə konkret mexanizmləri nəzərdə tutur. Nəticədə Azərbaycan Respublikası və Özbəkistan ərazisində əmək fəaliyyəti həyata keçirən vətəndaşların pensiya hüquqları təmin edilir”.