“Saakaşvili əfvi üçün cığır açmaq  istəyir”

Eks prezident Mixeil Saakaşvili, Gürcüstan prezdenti Salome Zurabişvilinin çağırışına cavab verərək ölkənin dördüncü prezidenti Qiorqi Marqvelaşvili ilə onu Qori Hospitalına görüşə dəvət edib. O, ölkədə sülhün təminatı danışıqlardan keçdiyini bildirib. M.Saakaşvili hazırda ən yaxşı formatın Cənubi Afrika formatı və modeli olduğunu, dəyirmi masa arxasında əyləşib vətənin keçmişi və ən əsası Avro-Atlantik demokratik gələcəyi haqqında birlikdə danışmağın, eyni zamanda ,xalqın ləyaqətli,təhlükəsiz həyat şəraitini müzakirə etməyin vacibliyini vurğulayıb. Eks prezident qeyri-qanuni məhbus kimi bu görüş əsnasında özünün azad olunacağı ilə bağlı heç bir fikri olmadığını və əfv istəmədiyini söyləyib. Saakaşvili azlığın çoxluğu sıxışdırmaq cəhdinin böyük vətəndaş qarşıdurması təhlükəsi yaratdığını,ölkə üçün fəlakət olduğunu və yeganə düşmən Rusiyanın da bunu arzu etdiyini deyib: 

“Gürcüstanın sülhə,inkişafa və tam bərpaya ehtiyacı var.Vaxt çox qısadır və bir dəqiqə belə itirmək olmaz.Ona görə də mən Gürcüstan cəmiyyətindən,siyasi qüvvələrdən, qeyri-hökumət sektorundan, mediadan, beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, barışıq prosesini və mənim təklif etdiyim formatı dəstəkləsinlər”, - deyə M.Saakaşvili diqqətə çatdırıb.
Maraqlıdır,eks prezidentin  bu addımı  nəyə hesablanıb? O bu görüşdə özünün əfvi ilə bağlı həqiqətənmi heç bir maraq güdmür?

Mövcud durumu siyasi analitik Turab Rzayev “Sherg.az” a şərh edərkən bildirib ki, prezidentə bu cür müraciət etmək Saakaşvilinin hədəfi olub: 

“Çünki bəzi yerlərdə S.Zurabişvilinin onu əfv edəcəyi gündəmə gəlmişdi .Amma o bunu etməkdən çəkindi, qorxdu. Əgər indi S.Zurabişvili daha bir addım atıb barışığ yolunu seçsə, ən azından onu ziyarətə getsə və yaxud da onu əfv edilməsinə hər hansı bir şəkildə müdaxilə etsə, bu onun mübarizəsini yüngülləşdirə bilər”.

Siyasi analitik  M.Saakaşvilinin əsas yolun barışığdan keçdiyini deməsinin dolayısıyla onun əfv edilmək istəyindən xəbər verdiyini söyləyib:

 “ O İvanişvilinin də aktiv şəkildə bu barışığda iştirak etməsini istəyir. Düşünür ki, prezident hadisələrə birbaşa müdaxilə edərsə, o zaman gürcü cəmiyyətində hərəkətlilik yarana bilər və hazırkı hökumətin onu uzun müddət həbsdə saxlaması  imkansız hala gələr. Eyni zamanda məsələ cəmiyyət  arasında gündəmdən düşməz”.

T.Rzayevə görə  eks prezident  bu addımla tərəfdarları arasında canlanma  yaratmaq, öz əfvi üçün cığır açmaq  istəyir və  eyni zamanda, özünü cəmiyyətdə qatı, barışmaz, radikal biri kimi yox qarşılıqlı anlaşma tərəfdarı kimi tanıtmaq niyyətindədir.