Tehrana pis XƏBƏR: ABŞ və Çin İran məsələsində razılığa gəldi

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində keçirilən tarixi görüşdə İranın nüvə silahına sahib olmaması məsələsində ortaq mövqe nümayiş etdiriblər.

Sherg.az xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilib ki, Vaşinqton və Pekin İranın heç vaxt nüvə silahı əldə etməməsi barədə razılığa gəlib. Tərəflər həmçinin Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıblar.

8,5 ildən sonra Çinə səfər edən ilk ABŞ prezidenti olan Tramp Pekində rəsmi mərasimlə qarşılanıb. Liderlər arasında Böyük Xalq Salonunda keçirilən görüş iki saatdan çox davam edib.

Si Cinpin görüş zamanı bildirib ki, dünya “tarixi yol ayrıcında”dır və Çinlə ABŞ qlobal sabitlik naminə birlikdə hərəkət etməlidir. Çin lideri iki ölkənin rəqib deyil, tərəfdaş olması gərəkdiyini deyib.

Tramp isə Si Cinpinlə yenidən görüşməkdən məmnun olduğunu bildirərək, ABŞ-Çin münasibətlərinin “heç vaxt olmadığı qədər yaxşı olacağını” vurğulayıb.

Görüşdə Tayvan məsələsi də əsas gündəm mövzularından biri olub. Si Cinpin Tayvanın müstəqilliyi ilə Tayvan boğazında sülhün bir araya sığmadığını deyərək, məsələnin düzgün idarə olunmamasının münaqişə riski yarada biləcəyi barədə xəbərdarlıq edib.

Danışıqlardan sonra tərəflərin qarşıdakı üç il ərzində “konstruktiv və strateji münasibətlər” qurmaq barədə anlaşdığı bildirilib.