- Azər Həsrət: “XXI əsr Türk əsridir, bunu ABŞ və Tramp da qəbul edir”
- Tramp həm İlham Əliyevə, həm də onun rəhbərlik etdiyi dövlətə xüsusi hörmətlə yanaşır və G20 Zirvə Görüşünə Azərbaycanın dəvət olunması da bununla bağlıdır
ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərini 2026-cı il G20 Liderlər Sammitinə şəxsi qonaq qismində dəvət etməsi türk dünyasının qlobal platformalarda artan siyasi çəkisinin göstəricisi kimi qiymətləndirilir. G20-nin üzvü olan Türkiyə ilə birlikdə sammitdə dörd türk dövlətinin təmsil olunması həm Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın beynəlxalq müstəvidə görünürlüğünü artırır, həm də regionun geosiyasi və iqtisadi əhəmiyyətinin yüksəldiyini nümayiş etdirir. Bu formatın türk dövlətləri arasında koordinasiyanın güclənməsinə və qlobal gündəmin mühüm məsələləri üzrə ortaq mövqelərin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcəyi gözlənilir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, G20 Liderlər Sammitinə qardaş Türkiyə ilə birlikdə digər üç türk dövlətinin liderinin dəvət olunması təkcə bu dövlətlərin ayrı-ayrılıqda dünya siyasətinə təsir imkanlarından xəbər vermir. Eyni zamanda, bu dörd dövlət arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən və real nəticələri olan, qlobal siyasətə təsir edən proseslər də burada mühüm rol oynayır:
“Yəni heç kim səbəbsiz yerə belə nüfuzlu tədbirə dəvət edilmir. Yaxud da bu qədər yüksək səviyyəli bir görüşə dəvət almır. Amerika Birləşmiş Ştatları ilə müqayisədə qardaş Türkiyənin özü də, Azərbaycan da kifayət qədər kiçik dövlətlərdir. Əslində, Azərbaycan kimi kiçik dövlətlərin sayı dünyada onlarla ölçülür və onların heç biri bu cür zirvə görüşlərinə dəvət edilmir. Bəs niyə məhz Azərbaycan? Ona görə ki, Azərbaycan kiçik olmasına baxmayaraq, dünya siyasətinə təsir imkanları olan dövlət kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri dünyanın hər yerində, o cümlədən Amerika Birləşmiş Ştatlarında artıq qəbul və etiraf olunur. Belə bir şəraitdə onun və digər türk dövlətləri liderlərinin G20 Zirvə Görüşünə dəvət edilməsi təsadüfi sayıla bilməz. Türk dünyasının artan rolu həm də türk dövlətlərinə rəhbərlik edən liderlərin artan nüfuzunu göstərir. Bu da istər-istəməz belə yüksək diqqəti qaçılmaz edir.Bu baxımdan mən düşünürəm ki, türk dövlətlərinin, Türk dünyasının beynəlxalq nüfuzu getdikcə daha da yüksələcək.
Analitik qeyd edib ki, Donald Trampın İlham Əliyevə münasibətinə gəlincə, bunu ayrıca şərh etməyə belə zərurət yoxdur:
“Çünki bütün dünya bilir ki, Donald Tramp dünyanın müxtəlif yerlərində bir sıra siyasi liderlərlə çox yaxın münasibətlərə malikdir. Həmin siyasi liderlərdən, dövlət başçılarından biri də İlham Əliyevdir. Yəni faktiki olaraq Donald Tramp həm İlham Əliyevə, həm də onun rəhbərlik etdiyi dövlətə xüsusi hörmətlə yanaşır və G20 Zirvə Görüşünə Azərbaycanın dəvət olunması da bununla bağlıdır. Türk dövlətlərinin, Türk dünyasının artan rolu bir tərəfdən öz yerindədir, digər tərəfdən isə türk dövləti lideri kimi İlham Əliyevin şəxsi keyfiyyətlərinin nəzərə alınması da mühüm amildir. Mən düşünürəm ki, belə yüksək səviyyəli tədbirdə iştirak etməklə Türk Dövlətləri Təşkilatının üzvləri olan qardaş Qazaxıstan, qardaş Özbəkistan, qardaş Türkiyə və əlbəttə ki, Azərbaycan dünyaya yeni bir mesaj vermiş olacaqlar. Onların bu qədər yüksək səviyyədə qəbul olunması, dəvət edilməsi və bunun bütün dünyaya nümayiş etdirilməsi istər-istəməz dünyanın türk dövlətlərinə, TDT-yə münasibətinin müsbət istiqamətdə dəyişməsinə əlavə təkan verəcək. Yəni XXI əsr Türk əsridir və Donald Tramp da, ABŞ də, eləcə də G20-yə üzv olan dövlətlərin hər biri də bunu qəbul edir”.