Bakı-Sumqayıt yolu: Cəza tədbirləri effektiv olacaq?

Bakı-Sumqayıt yolunda təşkil edilən xüsusi avtobus zolağından digər nəqliyyat vasitələrinin istifadəsinin qarşısını almaq üçün cəza tədbirləri sərtləşdiriləcək.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, yeni cəza tədbirləri tezliklə tətbiq ediləcək.
"Həmin zolağa daxil olan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Biz onlara qarşı cəza tədbirlərini sərtləşdirməyi düşünürük. Həmin yolda həm nəzarət-müşahidə avadanlıqlarının qurulması, həm də digər tədbirlərin görülməsi planlaşdırılır. Artıq bununla bağlı layihə hazırlanıb və tezliklə yeni qanun qüvvəyə minəcək”, - deyə nazir müavini əlavə edib.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Bakı-Sumqayıt yolunda olan tıxacların qarşısının alınması üçün müəyyən məsələlər gündəmə gətirilməkdədir:

"Xüsusən də cəza tədbirlərinin tətbiq olunması məsələnin dərhal aradan qaldırılmasına kömək olmayacaq. Çünki burada müəyyən problemlər var və qalmaqda da davam edir. Xüsusən də Bakı istiqamətinə gələn insanların daha çox şəhər istiqamətindən istifadə etməsi vacibdir. Hazırki dövrdə hər kəs istəyir ki, öz şəxsi avtomobili olsun. Ona görə də çıxış yolu Bakı-Sumqayıt yolunda mobil və çevikliyin yaradılmasıdır. Bu da birbaşa Şamaxı və Xırdalan dairəsindən asılıdır. Buraya 20 yanvar istiqamətini də əlavə etmək olar. Bu ərazinin asılılığı birbaşa Şamaxinka və Xırdalanda mövcud problemlərə gətirib çıxarır".