Ekspert: Ürək əməliyyatları üçün növbədə dayananlar çoxdur

Onların bir çoxunun ömrü çatmır gözləməyə  

“Bunları sığortadan kənar proqramlar hesabına əldə etmək lazımdır. İcbari tibbi sığortadan kənar və onu tamamlamaq üçün əlavə vəsaitlər ayrılmalıdır”


  TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov orqan transplantasiyası üçün tibb müəssisələrinin sayının artırılması vacibliyindən danışıb. O həmçinin qeyd edib ki, icbari tibbi sığortaya daxil olan xidmətlərin sayı da artmaqda davam edir. Onun sözlərinə görə, TƏBİB buna hazır olmalıdır. "Orqan transplantasiyası üçün kadr potensialının kifayət qədər olduğunu düşünürəm. Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar uzun müddət növbə gözləməli olmasın".

  İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirdi ki, icbari tibbi sığortanın əlçatanlığının təmini ilə bağlı dünya praktikası mövcuddur: 

- Əlbəttə, əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Hər dəfə büdcə təsdiqlənəndə, vəsaitlərin nəyə xərcləndiyi açıqlanır. Bizim hazırkı dövlət büdcəmiz sosialyönümlü layihələrin maliyyələşdirilməsi üçün kifayət edir. Dövlət büdcəsindən icbari tibbi sığortaya daha çox, lazım olan miqdarda vəsait ayrılmalıdır. İkincisi, Avropa ölkələrində icbari tibbi sığorta xərclərini dövlətlə yanaşı, müxtəlif profilli fondlar da üzərinə götürür. Avropa ölkələrində çoxsaylı fondlar fəaliyyət göstərir və fondlara toplanan vəsaitlər hesabına icbari tibbi sığorta xərcləri qarşılanır. Bu məsələdə dövlətlə özəl sektor birgə çalışır. Bu gün çoxsaylı özəl klinikalar fəaliyyətdədir. Pasiyent özəl klinikada əməliyyat olunmaq istəyirsə, məsələn, əməliyyat xərci 1000 manatdırsa, 1180 manat ödəməsi tələb olunur. Klinika bildirir ki, 118 manat 18 faizlik ƏDV-nin əlavəsidir. Həmçinin laborator analizlər üçün də əlavə ödəniş edilir, çünki ƏDV var. Özəl klinikalar bu ƏDV-dən azad edilsə, o zaman vətəndaşlar özəl klinikalara müraciət etdikdə daha az xərc çəkəcək. Dövlət də özəl klinikalara vergi güzəştləri tətbiq etməklə onları öz tərəfdaşı edə biləcək. Güzəşt tətbiq edən dövlət bunun müqabilində vətəndaşlara  daha ucuz tibbi xidmət göstərilməsini, hətta bir sıra hallarda ödənişsiz tibbi xidmət göstərilməsini istəyə bilər. Məsələn, şərt qoyurlar ki, 10 pasiyentdən 3-ü, 4-ü ödənişsiz əməliyyat edilsin. Bununla da icbari tibbi sığortada dövlətin yükü azalar, özəl sektor icbari tibbi sığorta xərclərinin bir qismini qarşılayar. Ən ağır xəstəliklər, hansı ki əhalinin aztəminatlı hissəsinin bu xəstəliklərin müalicəsinə maddi imkanı çatmır, məsələn, onkoloji xəstəliklər, ürək əməliyyatları, böyrəkköçürmə və sair orqan transplantasiyası, bu xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanması üçün böyük subsidiyalara ehtiyac var. Bunların hamısı icbari tibbi sığorta qarşılamaq iqtidarında deyil. Çünki həqiqətən də, böyük xərclər tələb edən müalicələr, əməliyyatlardır. Bunları sığortadan kənar proqramlar hesabına əldə etmək lazımdır. İcbari tibbi sığortadan kənar və onu tamamlamaq üçün əlavə vəsaitlər ayrılmalıdır. Müxtəlif xeyriyyə fondları və özəl sektorla əməkdaşlıq hesabına. Belədə, tibb müəssisələrinin sayı da artar, özəl tibb müəssisələri də müalicə və əməliyyatları üzərinə götürər, xərcləri qarşılayar.  Ürək əməliyyatları üçün nə qədər insan növbədə dayanır. Onların bir çoxunun ömrü çatmır gözləməyə.