Səadət Bənənyarlı: Yeni qərarı doğru hesab etmirəm

Qadınların əmək hüquqları genişləndirilir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub.        Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyəyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər. 
Bu dəyişiklik qadınların əməkhaqlarının artmasına imkan verəcək. Qanun, eyni zamanda, 18 yaşına çatmamış işçilərə, eləcə də, 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin, ezamiyyəyə getmələrinə də icazə yox idi. Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, yeni qərarı doğru hesab etmirəm:

"Çünki xəstəliyi olan uşağa mütəmadi qulluq etmək lazımdır. Ona görə həmin şəxsə müəyyən güzəştlər edilməlidir. Qanunvericilikdə də bu nəzərə alınmalıdır. Yəni, məsələnin gender bərabərliyinə, qadın və kişilər arasında əmək haqlarındakı fərqi aradan qaldırmağa heç bir adiyatı yoxdur. Adətən, evdə xəstəlik keçirən uşağa daha çox vəsait lazımdır. Belə olduğu təqdirdə onlara dərman, baxıcı gərəkir. Hesab edirəm ki, bu mövzuya hər bir istiqamətdən araşdırılıb,yenidən baxılmalıdır".