"16 yaşında uşaqla evlənən həmin kişiyə ciddi cəza verilməlidir"
Masallıda körpə ölümü qeydə alınıb. APA-nın məlumata görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Ananın müayinəsi aparılıb və Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib. Yaxınları bildirirlər ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb. 17 yaşlı bir qız və ana olmaq?! Keçmişdə bu hallar bəziləri tərəfindən normal qarşılansa da, günümüzdə sadəcə olaraq fəlakətdir. Bəs, burada günahkar kimdir?
Hadisəyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, 17 yaşlı qızın doğuşa girməsi onun həyatının risk altında olması deməkdir:
''Tibbi-bioloji yöndən 17 yaşlı qız doğuşa hazır hesab edilmir. Yəni, onu hər zaman ölüm gözləyə bilər. Təbii ki, bu da cəmiyyətdə narahatedici məsələlərdən biridir. Uşağı dünyaya gətirməyə çalışan xanımın 17 yaşı varsa, demək ki, 15-16 yaşında evlənib. Diqqət edəcəyimiz digər nüans isə qızın erkən evləndirilməsidir. Burada ən böyük məsuliyyəti valideynlər daşımalıdır. Ona görə də adiyyatı orqanlar tərəfindən həmin ana-ata sorğu edilməlidir ki, qızları 16 yaşında evlənərkən harada idilər. Bəlkə də erkən yaşda evlənən qızın heç valideynləri yoxdur. Təbii ki, bu məsələlər araşdırılmalıdır''.
Ekspert vurğulayıb ki, yetkinlik yaşına çatmayan qızları evləndirərək doğuma məcbur edən hər bir kəsə sərt cəzalar verilməlidir :
''Bununla digərləri dərs ala bilər. Əks halda bu kimi hadisələrin qarşısını almaq mümkün deyil. 16 -17 yaşlı qızın düşüncə səviyyəsi nə dərəcə doğru ola bilər? Digər tərəfdən qızın övladı ölməyib dünyaya gəlsəydi, bundan sonra onun həyat tərzi necə olacaqdı? 17 yaşında hansı imkanlarla uşağını hansı imkanlarla böyüdəcəkdi? Bəlkə də həmin uşaq küçəyə atılacaq və yaxud uşaq evinə veriləcəkdi. Valideynlər bu addımla yeni doğulan bir şəxsiyyətin həyatını məhv edir. Özəlliklə 16 yaşında uşaqla evlənən həmin kişiyə ciddi cəza verilməlidir".