Elmir Əkbər: İntihar xəbərləri çirkin formada yayımlanır

İntiharların rezonans hadisə kimi təqdim edilməsi məqsədəuyğun deyil.                          
Bunu Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov deyib. O, Abşeron Rayon Prokurorluğunda keçirilən “Açıq qapı günü”ndə bildirib ki, azyaşlıların özünü binadan ataraq intihar etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub:                                                                                                                 
"Xırdalanda azyaşlıların özünü binadan atmasının bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyublar. İntiharların rezonans hadisə kimi təqdim olunması növbəti dəfə eyni cür özünəqəsdlərə gətirib çıxarır”.                                   
 Xatırladaq ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qızdan 2-si özünü eyni binadan ataraq intihar edib.

Məsələ ilə bağlı "Sherg.az"a danışan psixoloq Elmir Əkbər bildirib ki, intiharlar artıb və artmaqda da davam edir :

"Problemin bir qismi valideylərdədir. Çünki onlar psixoloqa, psixoterapevtin yanına getməyi ayıb bilirlər. Nəticədə də acı sonluqla bitir. Bunu anlamaq lazımdır ki, indiki uşaqlar əvvəlki dövrün uşaqları kimi deyil. Valideynlə övladın düşüncə tərzi arasında yaranmış böyük bir uçurum ona gətirib çıxarır ki, mütəxəsisin dəstəyi olmadan onlar öz aralarında doğru münasibət qurmurlar. Ona görə də bir sıra valideynlər uşaqlarındakı psixi prossesləri tam düzgün dərk etmirlər. Sonda onlar evdən qaçmağa və intihara cəhd edirlər. Sosyal medianın həyatımıza təsir etdiyi bir vaxtda hamı profil səhifəsi açaraq istənilən xəbəri tirajlaya bilir".

Ekspert vurğulayıb ki, peşəkar yanaşma olmadığına görə, xəbərlər çirkin formada yayımlanır:
"Bu da xəbəri oxuyan yeniyetmələrə mənfi təsir edir .Sanki, şüuraltı potensial məlumatı profikasiya edib, üzə çıxarır. İnformasiyalar şou göstərib, layk yığmaq xətrinə deyil, peşəkar səviyyədə yayımlanmalıdır. Koronovirus pandemiyasından sonra insanlarda gedən psixi prosseslər dəyişib. Buna görə də hər kəs ruh sağlığına diqqət etməlidir".